Xəbərlər
Azərbaycan-Türkiyə-Pakistan birliyi qlobal müstəvidə sülh və əməkdaşlığa töhfə verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin 28 May Müstəqillik günündə Laçında Zirvə görüşündə iştirakı tarixi hadisə idi. Bu xalqımızın yaddaşında dərin izlər buraxacaq və qürurla anılacaq əlamətdar məqamlardan biri kimi tariximizə həkk olundu. Üç qardaş ölkənin birlik, bərabərlik nümunəsinin nümayişi eyni zamanda sülh, əməkdaşlıq, qarşılıqlı maraqlara xidmət edən birgə təşəbbüslərin mesajlarıdır. Qardaş ölkələrin Azərbaycanın Müstəqillik günündə, Ermənistanın işğalından sonra dirçəldilən Qarabağ və Şərqi Zəngəzurda birlik mesajlarının əhəmiyyəti də olduqca böyükdür.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Laçın 30 illik Ermənistanın işğalından və barbarlığından qurtularaq yenidən dirçəlir: “Artıq Laçınlılar öz evlərinə qayıdır. Ölkəmizin başçısının Laçına bu dəfəki səfərində də bir qrup laçınlıya yeni evlərinin açarları təqdim edildi. 28 May Müstəqillik tariximizin ən qürurverici hadisələrindən biri kimi bu hadisələrin də böyük anlamı var. Azərbaycanın işğaldan azad edilən üçüncü, ümumilikdə isə 9-cu aeroportunun, Laçın beynəlxalq aeroportunun qardaş Türkiyə Prezidentinin iştirakı ilə açılışının edilməsi olduqca önəmli idi. Bu Prezident İlham Əliyevlə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzurda açılışını etdiyi üçüncü beynəlxalq aeroport, Laçın aeroportu oldu. Bundan öncə Füzuli və Zəngilanda hər iki qardaş Lider tərəfindən aeroportların açılışı edilmişdi. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda üçüncü beynəlxalq aeroportun qısa zamanda açılışının edilməsi Azərbaycan Böyük Qayıdış konsepsiyasına uyğun olaraq qısa zamanda bu bölgədə görmüş olduğu işlərin xarakterini nümayiş etdirir. Bu gün qalib və suveren Azərbaycan öz tarixinin ən qürurlu dövrünü yaşamaqdadır.
Laçında Azərbaycan-Türkiyə-Pakistan Liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşündə də olduqca mühüm mesajlar səsləndirildi. Prezident İlham Əliyev çıxışında Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilməsinin tarixi əhəmiyyətindən bəhs etdi. Vurğulanıb ki, bunun böyük rəmzi mənası var. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək xalqımızın yaddaşına əbədi həkk olunub. Həmçinin Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub”.
Deputat Azərbaycan-Türkiyə-Pakistan birliyinin regional və qlobal müstəvidə sülhə, əməkdaşlığa xidmət etdiyini söyləyib: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik. Həmçinin müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir”. Bu bir reallıqdır ki, Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə arasında əməkdaşlıq ildən-ilə, gündən-günə güclənir. Cənab Prezidentin də qeyd etdiyi kimi “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk”. Sözsüz ki, Laçında üç dövlət arasında ikinci üçtərəfli Zirvə görüşün keçirilməsi strateji əməkdaşlığın xarakterini və qarşıdan duran hədəflərin mahiyyətini nümayiş etdirir. Zirvə toplantısında həmçinin 44 günlük Vətən Müharibəsində Türkiyə və Pakistanın Azərbaycanın yanında olduğu diqqətə çatdırıldı və xalqımızın bu qardaş dəstəyini heç vaxt yaddan çıxartmadığı bir daha bəyan edildi”.
Sevinc Hüseynova Zirvə toplantısında həmçinin ölkəmizin başçısı tərəfindən 1918-ci ilin 28 Mayında yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər saldığını vurğulayıb: “Xalq Cumhuriyyətinin qısa zaman ərzində mövcudluğu, 1920-ci ilin aprel ayında müstəqilliyinin əlindən alındığı və ondan bir neçə ay sonra – 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirildiyi də Zirvə toplantısında qeyd olunub. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib. Amma bu dövrdə də Azərbaycan üçün yeni çətinliklərlə müşahidə olunub. Ermənistanın işğalçılıq siyasətinin ölkəmizə böyük faciələr gətirdiyi dövlətimizin başçısı tərəfindən Zirvə toplantısında bir da bəyan edilib. Azərbaycanın ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan 4 ay sonra Ermənistan tərəfindən xalqımıza qarşı Xocalıda soyqırımı həyata keçirildiyi bildirilib. Laçının, ondan öncə isə Şuşanın Ermənistanın təcüvüzünə məruz qaldığı, beləliklə 30 ilə yaxın ərazilərimizin 20 faizinin erməni işğalında saxlanıldığı da diqqətə çatdırıldı. Təbii ki, Azərbaycan xalqı bu işğal faktı ilə heç vaxt barışmayıb və özünün ərazilərini bir gün Ermənistanın işğalından qurtaracağına olan ümidini itirməyib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə suverenliyini tam təmin etməyə nail oldu. Artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq bərpa işləri icra edilir. Beləliklə keçmiş qaçqın və məcburi köçkünlərin ardıcıllıqla öz ata-baba ocaqlarına geri dönüşü təmin olunur. Bunun nəticəsi olaraq Şərqi Zəngəzur və Qarabağ bölgələrində 43 min insan yaşayır və çalışır. Azərbaycan üçün ən yaxın dost və tərəfdaş ölkələr bu uğurlara sevinir. Türkiyə və Pakistan Liderlərinin Laçında olması burada görülən işlərlə tanışlığı, hava limanının açılışının edilməsi, yaradılan ən müasir infrastruktur böyük qürur hissi ilə qeyd olunur. Sözsüz ki, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin belə qürurlu günlərdə Prezident İlham Əliyevlə həmrəylik nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir. Bu bir daha üç ölkənin birliyini simvolizə edən bir mesaj kimi də dəyərləndirilir”.