Xəbərlər
Ölkəmiz təxribatlara hər zaman adekvat cavab vermək qüdrətindədir
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Prezident İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsidir.
Cənab İlham Əliyevin hər bir müsahibəsində, çıxışında regionda sülhün və təhlükəsizliyin tam təmin olunmasına xidmət edəcək sülh müqaviləsinin imzalanması prosesi xüsusi diqqətdə olur. Bu baxımdan sözügedən müsahibədə də bu prosesin uzanmasına səbəb olan məqamlar diqqətə çatdırıldı. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı sualı mövcud vəziyyətə söykənərək cavablandıran cənab İlham Əliyev bildirdi ki, sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur: “Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”.
Ermənistanı yeni müharibəyə təhrik edən, birtərəfli dəstək rolunu tutan Fransa hökumətinə və Bayden administrasiyasına Cənubi Qafqaz respublikalarına balanslı yanaşmanın yarada biləcəyi təhlükələrlə bağlı xəbərdarlıq edilib. “Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik” söyləyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz təxribatlara hər zaman adekvat cavab vermək qüdrətindədir.
Bunun üçün əsaslar da vardır. İkinci Qarabağ müharibəsindən sonra da Silahlı Qüvvələrimiz ən müasir hərbi avadanlıqlarla təmin edilir. Yeni komando birləşmələri yaradılır. 2025-ci ildə hərbi büdcəmiz üçün ayrılacaq beş milyard dollar vəsaitlə müdafiə qüdrətimiz daha da güclənəcək. Reallıq budur ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq Azərbaycana qarşı törədilən təxribatlarla arxayınlaşan Ermənistana lazımi məqamda heç kim kömək etməyəcək. Bu həqiqət İkinci Qarabağ müharibəsində, ötən ilin sentyabrında aparılan lokal xarakterli antiterror əməliyyatlarında təsdiqləndi. Cənab İlham Əliyev “Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın” sözləri ilə Ermənistanı silahlandırma prosesinin fərqli kurs olduğunu diqqətə çatdırdı.
Bu reallıq da vurğulandı ki, silahların Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq Ermənistanın hərbi qüdrəti xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən Azərbaycanın güclü ordusu qarşısında tab gətirmək imkanları məhduddur. Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq Azərbaycana qarşı planlaşdırılan istənilən təxribatlar da Ermənistana kömək etməyəcək.
Cənab İlham Əliyev jurnalistin “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualını da cavablandırdı. Bildirdi ki, xeyr. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq.
Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir: “Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz”.
Sözügedən müsahibə bir daha Azərbaycanın regionda və beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq saldı. Ölkəmizin müstəqil xarici siyasəti davamlı uğurlarında öz sözünü deyir.