YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqazda sabitliyin mühüm amili

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Dekabrın 17-də Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verdi. Dövlətimizin başçısının hər bir müsahibəsi mühüm çağırışları ilə diqqətdə olur. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin möhkəmləndiyi diqqətdən kənarda qalmır. Azərbaycan yeni-yeni əməkdaşlıq formatlarının və sülh gündəliyinin müəllifi kimi dünyanın diqqətindədir. Cənab İlham Əliyevin sözügedən müsahibəsində bütün bu məqamlara xüsusi diqqət yönəldildi.

Cənab İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, dünyaya dostluğun, qardaşlığın nümunəsini təqdim edən Azərbaycan-Türkiyə münasibətlərinə diqqət göstərilməsin.

Azərbaycan və Türliyə bir-biri ilə sıx tellərlə bağlı olan iki dost, qardaş, müttəfiq ölkələrdir. Tarixi Zəfərimizdən sonra bu münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi rəsmi şəkildə təsdiqləndi. Belə ki, 2021-ci il 15 iyun-Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşanın şahidliyi ilə Azərbaycan ilə Türkiyə arasında Müttəfiqlik Bəyannaməsi imzalandı. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində jurnalistin “Siz Türkiyə ilə müttəfiqlik münasibətlərindən danışırsınız. Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualına cavabında bildirdi ki, xeyr. Qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Belə yardıma görə türk dostlarımıza çox minnətdarıq.

Bildirildi ki, Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir: “Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır”.

Qeyd edək ki, bölgədə sülh və təhlükəsizliyin təminatında xüsusi yeri olan Azərbaycanla Türkiyə arasında hərbi sahədəki əməkdaşlıq hazırda ən yüksək səviyyədədir. Qardaş ölkədə hərbi sahədə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artır. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində görülən işlər, hərbi təhsil sahəsindəki əməkdaşlıq ölkəmizin müdafiə qüdrətini gücləndirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşdırılması təmin edilir. Azərbaycan hərbçilərinin Türkiyədə keçirilən hərbi təlim-məşqlərdə iştirakı əsgər və zabitlərimizin peşəkarlığını, döyüş qabiliyyətini artırır. «Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında» müqaviləyə əsasən atıcı silahların istehsalı, döyüş sursatlarının, mühəndis texniki vasitələrin, onların ehtiyat hissələrinin idxalı ilə bağlı layihələrin qarşılıqlı həyata keçirilməsi hər iki ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartları səviyyəsində modernləşdirilməsinə kömək göstərir. Ölkələrarası hərbi əməkdaşlığın dərinləşməsi hər iki dövlətin milli maraqlarından irəli gəlir və perspektiv planlar qarşılıqlı əlaqələr sayəsində həyata keçirilir.   

Dövlətimizin başçısı Dmitri Kiselyova müsahibəsində diqqəti Türkiyə ilə Azərbaycanın hər il 10-dan çox birgə təlim keçirdiyini önə çəkərək bildirdi ki, bunların yarısı Azərbaycanda, yarısı isə Türkiyədə təşkil edilir. Mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olunub. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.

DİGƏR Xəbərlər Arxiv