Xəbərlər
Dünyaya həmrəylik çağırışı
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan bu gün beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibi, müstəqil siyasət həyata keçirən dünyaya həmrəylik çağırışı edən dövlət kimi tanınır.
Təkcə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə yüksək səviyyədə təşkil olunması Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirdi. Azərbaycan bəşəriyyəti təhdid edən məsələlərin həlli istiqamətində hər zaman beynəlxalq birliyi həmrəyliyə səsləyir və bu prosesə yüksək töhfə vermək üçün təşəbbüslərlə çıxış edir.
Prezident cənab İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan beynəlxalq aləmin yüksək etimad etdiyi ölkələrdəndir.
Müsahibə zamanı Azərbaycanın uzun illər ərzində beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imici, beynəlxalq siyasət və qlobal əhəmiyyətli problemlərdə, onların həlli yollarında, dövlətlərarası münasibətlərdəki əhəmiyyətli rolu aydın şəkildə diqqətə çatdırıldı.
Dmitri Kiselyovun “2022-ci ildə, sözün əsl mənasında, xüsusi hərbi əməliyyatın başlamasına bir neçə gün, sözün əsl mənasında bir neçə saat qalmış Moskvada Prezident Putinlə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladınız. O vaxtdan bəri dünya əsaslı şəkildə dəyişib. İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir?” sualına cavab verən ölkə Prezidentimiz xüsusilə son 2 ildə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Rusiya münasibətlərinə, qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələrinə əsaslanan dostluğun dərinləşməsinə diqqəti çəkib: “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Siz düzgün qeyd etdiyiniz kimi, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir”.
Bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan-Rusiya münasibətləri həm siyasi münasibətlərdə, həm də iqtisadi əlaqələrin göstəricilərində birmənalı şəkildə öz təsdiqini tapır. Azərbaycanın şanlı Zəfəri və Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasında Rusiyanın xüsusi rol olmuşdur. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə isə dövlətlərarası münasibətləri yeni mərhələyə – müttəfiqlik səviyyəsinə qaldırıb. Sözsüz ki, iki dövlətin başçıları İlham Əliyev və Vladimir Putinin siyasi iradəsi ölkələr arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsində həlledici rol oynayıb. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə də Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafının göstəricisi oldu.
44 gün davam edən Vətən müharibəsi ilə düşmən işğalına son qoyan, ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı İlham Əliyev müsahibəsində vacib məsələlərdən, qlobal əhəmiyyətli problemlərdən, Ermənistandan qovulmuş azərbaycanlılardan, Rusiya ilə Ukrayna arasında davam edən gərginlikdən, qonşu ölkələrdə baş verən siyasi proseslərdən, neokolonializm təzahürləri və qlobal iqlim problemləridən də söz açdı. Bu da bir daha təsdiq etdi ki, Azərbaycan qlobal geosiyasi proseslərin fəal iştirakçısıdır, eyni zamanda ölkəmiz beynəlxalq aləmdə həmin proseslərə təsir etmək iqtidarında olan tərəfdaş qismində qəbul edilir. Dünyadakı qlobal böhran və problemlərlə bağlı məsələlərdə ölkəmizin sülhpərvər siyasət yürütdüyü bunun bariz nümunəsidir.