YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Heç bir xalqın tarixini şəxsiyyətlərsiz təsəvvür etmək mümkün deyil. Şəxsiyyətlərin xalqın taleyindəki rolunu isə onların fərdi xüsusiyyətləri və öz üzərinə götürdükləri missiya müəyyən edir. Bəşəriyyətin tarixi təkamül prosesi sübut edir ki, xalqın milli mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bilavasitə bağlıdır. Ötən əsrin 80-ci illərinin sonunda etibarən Azərbaycan xalqı üzləşdiyi bütün problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə həllini tapa tapa biləcəyini inanır, təkidlə respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. Çünki o illərdə cərəyan edən proseslər, Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları və ittifaq rəhbərliyinin baş verənlərə münasibətdə aşkar şəkildə bu ölkənin mövqeyini dəstəkləməsi göstərirdi ki, Azərbaycana qətiyyətli rəhbər lazımdır. Bu rəhbər isə yalnız Heydər Əliyev ola bilərdi. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını üzləşə biləcəyi təhlükədən və bəlalardan qorudu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə daha da genişləndi. Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti təkcə muxtar respublikanı məhv olmaqdan, məhrumiyyətlərdən və məşəqqətlərdən xilas etmədi, eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin qazanılması istiqamətində ilk ciddi addımlarla tarixə düşdü, ölkəmizin gələcək inkişafının bir sıra konseptual istiqamətləri Heydər Əliyev tərəfindən məhz həmin dövrdə Naxçıvanda işlənib hazırlandı. Naxçıvana gəlməsindən 1 ay sonra, 21 avqust 1990-cı il tarixində Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri Afiyəddin Cəlilov Naxçıvan və Azərbaycan tarixindəki xidmətlərini nəzərə alaraq Heydər Əliyevə muxtar respublikanın vətəndaşı statusunu verdi. Bu status ona sentyabr ayında baş tutacaq Azərbaycan SSR parlament seçkilərində iştirak etməyə imkan yaratdı. 1990-cı ilin sentyabrın 30-da keçirilən seçkilərdə Heydər Əliyev “Demokratik Azərbaycan” bloku tərkibində 34 nömrəli Nehrəm seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdü. Seçkilərdə ən yüksək nəticəni Heydər Əliyev göstərmişdi. Belə ki, Nehrəm seçicilərinin 95 faizi ona səs vermişdi. Yeni formalaşdırılan məclisin ilk sessiyası noyabrın 17-də həyata keçirildi. Bu sessiyada mühüm qərarlar qəbul olundu. Naxçıvan Ali Məclisinin Birinci sessiyasında deputat Heydər Əlirza oğlunun təklifi ilə Naxçıvan Ali Məclisi qərara aldı: • Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının ali qanunvericilik orqanlarından xahiş edir ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında məsələyə baxsın və Azərbaycan Respublikasının yeni dövlət rəmzləri – bayrağı, gerbi və himni qəbul olunsun. • Naxçıvan MSSR-in adı dəyişdirilərək Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Respublikası adlandırılsın. • “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi qəbul edilsin. 20 yanvar Naxçıvan Muxtar Respublikasında “milli matəm günü” kimi qeyd edilsin. Bu qərarlardan sonra 1918-ci ildə qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının bayrağı rəsmi dövlət atributu kimi zala gətirildi. Birinci sessiya zamanı eyni zamanda Naxçıvan MSSR Ali Rəyasət Heyəti sədri vəzifəsi ləğv edildi. 1991-ci ilin avqustunda Moskvada baş vermiş “QKÇP” çevrilişi digər respublikalarda olduğu kimi, Naxçıvana da ciddi təsir etdi. Bu regionda əhalinin mütləq əksəriyyəti Heydər Əliyevi Naxçıvan Ali Məclisinin sədri kimi görmək istəyirdi. 60 min nəfərin Naxçıvanda həyata keçirdiyi mitinqdən sonra 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Ali Məclisinin fövqəladə sessiyası çağırıldı. Bu sessiyada AXC deputatlarının dəstəklədiyi Heydər Əliyev respublika Ali Məclisinin sədri seçildi. Heydər Əliyev iqtidara gəldikdən dərhal sonra Naxçıvanda Azərbaycan kommunist partiyasının, eləcə də komsomolun fəaliyyətini dayandırdı, onların bütün strukturları ləğv edildi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirildi. Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Heydər Əliyevə borcluyuq.