Xəbərlər
Qarşılıqlı münasibətlərin gələcək inkişafına böyük təkan

“Prezident İlham Əliyevin iyulun 11-12-də dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə görüşlər keçirib. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənəd imzalanıb. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. Cənab Prezidentin dövlət səfəri zamanı imzalanan sənədlər qarşılıqlı əlaqələrin gələcək inkişafında mühüm amildir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Azərbaycan və Pakistan arasında əməkdaşlıqda dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur. Azərbaycan Respublikasının ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.
Millət vəkilinin sözlərinə görə, bütün bunlar Azərbaycan və Pakistan arasında münasibətlərin birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulduğunu təsdiləyir. Hər iki dövlət münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də cəmiyyətlərin yüksək konselidasiyası diqqəti cəlb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfəri çərçivəsində mətbuata açıqlamasında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif məmnunluğunu belə ifadə edib: “Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir”. Məhəmməd Şahbaz Şərif onu da bildirib ki, Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib: “Sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib”.
Mətbuata açıqlamasında Prezident İlham Əliyev işğal dövründə Pakistanın hər zaman yanımızda olan ölkələrdən biri vurğulayıb. Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi: “Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”. Həqiqətən də, Pakistan İslam Respublikası artıq tarixə qovuşmuş “Qarabağ münaqişəsi”nin həllinə dair Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyib və münaqişənin Azərbaycanın maraqlarına uyğun şəkildə ədalətli nəticələnməsinin vacibliyini önə çəkib. Pakistanın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT TŞ-da Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda qeyd etmək lazımdır ki, məhz bu səbəbdən Pakistan İslam Respublikası bugünədək işğalçı Ermənistan Respublikası ilə diplomatik münasibətlər yaratmayıb. İkinci Qarabağ müharibəsi zamanı isə bu dəstək ən yüksək səviyyədə özünü ifadə edib - Pakistan dövləti və Pakistan xalqı Azərbaycanın bu haqq işinə hərtərəfli mənəvi dayaq olduğunu bütün dünyaya nümayiş etdirib.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın da Cəmmu və Kəşmir məsələsində mövqeyi dəyişməzdir. Dövlətimizin mövqeyi həmişə ardıcıl olub - biz bu məsələdə Pakistanın yanında olduğumuzu bəyan edirik. Azərbaycan bu problemin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir. Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata açıqlamasında bildirib ki, Azərbaycan həmişə kəşmirlilərin haqq işini dəstəkləyib: “Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur”. Prezident İlham Əliyev isə qeyd edib ki, Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir: “Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.
“Azərbaycan Prezidentinin Pakistana dövlət səfəri zamanı liderlərin bəyanatları və imzalanan sənədlər iki dövlət arasında əlaqələrin daha da güclənməsindən xəbər verir. Dövlətimizin başçısının bu səfəri isə qarşılıqlı münasibətlərin gələcək inkişafına böyük təkan verəcək”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.