Xəbərlər
Ulu Öndərin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Azərbaycanın bugünkü reallıqları, tarixi Zəfərimiz daim keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Müstəqillik tariximizin hər bir səhifəsini vərəqləməli, Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə çatdırmalıyıq.
Bu fakt inkaredilməzdir ki, müstəqilliyimizin bərpasının ilk illərində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşandı. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürüdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıdı. Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başladılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri-birinə qarşı mübarizə aparıldı. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.
Xalq xilaskarını- Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Dövlətini, xalqını canından artıq sevən Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə bugünkü inkişafın təməlini qoydu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında birliyi, həmrəyliyi təmin edildi. Ümummilli Liderin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrildi.
Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Həmin ilin 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.”
Bu gün Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Müasir müstəqil, qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycan hər birimizin qürur mənbəyidir. Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun keçmiş məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” çağırışı bu gün artıq azad edilmiş torpaqların bərpasında və soydaşlarımızın Böyük Qayıdışında öz əksini tapıb. Bu ərazilərimizdə yeni həyat başlayıb. Hazırda paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarımız, Şuşamız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilir.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi imzalandı. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı bu Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu və gələcək inkişafın yol xəritəsini təqdim etdi. Bu birlik ümumilikdə türk dünyasının birliyinə böyük töhfədir.
Dövlət başçısı İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edərkən “Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər” söyləyərək onu da bildirdi ki, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub: “Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.”
Cənab İlham Əliyev onu da qeyd etdi ki, təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur: “Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir.”
