Xəbərlər
“Ümummilli Lider Heydər Əliyev irsi: dünənin təcrübəsi, bu günün reallığı, sabahın strategiyası”
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı “Ümummilli Lider Heydər Əliyev irsi: dünənin təcrübəsi, bu günün reallığı, sabahın strategiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “91”-lərdən, YAP Veteranlar Şurasının üzvü, professor Sudeyf İmamverdiyev, YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri, idarə, müəssisə-təşkilat rəhbərləri, partiya veteranları, fəallar, şəhid ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək, gül dəstələri düzüblər.
Sonra Suraxanı Rayon Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxışında bildirib ki, Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş Ümummilli Lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuş, torpaqlarını azad etmiş, qalib ölkə, qalib xalqıq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələni yaşayırıq. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev inamla və sədaqətlə davam etdirir.
“91”-lərdən, YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev çıxışında Azərbaycanın ən çətin dövrlərinə nəzər salaraq deyib ki, Ümummilli Lider Heydər Əliyev sovet dövründə və müstəqillik qazandıqdan sonrakı hakimiyyəti illərində ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması uğrunda məqsədyönlü siyasət aparıb. Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrinə toxunaraq qeyd edib ki, Ümummilli Lider Azərbaycanın müstəqilliyini öncədən görürdü və atdığı bütün addımları buna hesablanmışdı.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında qeyd edib ki, Ulu Öndərin ölməz ideyaları bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmiş və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları daim yaşayır və aktuallığını itirmir.
Tədbirin sonunda rayonun ictimai və siyasi həyatında fərqlənən bir qrup YAP üzvünə fəxri fərman və təşəkkürnamələr təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
