Xəbərlər
Heydər Əliyev ideyaları Azərbaycanın mənəvi-siyasi sərvətidir
Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP xızı rayon Təşkilatının sədri Ayaz Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışaraq, onun zəngin siyasi irsinin bu gün də ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasəti Azərbaycanın inkişafının əsasını təşkil edir və bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Ulu Öndərin xalqın rifahı, dövlət müstəqilliyinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərin hər zaman böyük ehtiramla xatırlandığını vurğulayıb.
Daha sonra tədbirdə partiya fəalları Tural Fərəcov və Amiyət Şirinova çıxış ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Aprel Döyüşləri şəhidi Novruzov Ravil Elman oğlunun təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı atası Elman Novruzova və Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan baş gizir Quliyev Akif Bayram oğluna “Azərbaycan Bayrağı” ordeni təqdim olunub. Həmçinin rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup şəxs fəxri fərmanlarla təltif edilib.
