YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya-Azərbaycan əməkdaşlığı energetika sahəsində böyük inkişafa yol açıb

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Mayın 4-də İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycanda səfərdə oldu. Dövlət başçısı İlham Əliyev Ciorcia Meloni ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi, mətbuata birgə bəyanatlarla çıxış etdilər. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətli rolu xüsusi qeyd edildi. Bu mühüm məqam da vurğulandı ki, İtaliya-Azərbaycan əməkdaşlığı energetika sahəsində böyük bir inkişafa yol açıb. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki,  biz uzun illər ərzində bu sahədə etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft  və qaz təchizatında ikinci yerdədir.  İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.

 Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında Dövlət Neft Fondunun son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyduğunu önə çəkərək onu da bildirdi ki, əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.

Əməkdaşlığımızın mühüm sahələrindən biri də təhsildir. Ötən ilin 1 oktyabr tarixində Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı  iki ölkənin münasibətlərinin, dostluq əlaqələrinin inkişafına böyük töhfə oldu. Cənab İlham Əliyev universitetin gələcəyinin çox parlaq olacağına,  nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacağına, universitetin məzunlarının isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə etdi. O da qeyd edildi ki,  burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına çox böyük dəstək verəcəklər. Dövlətimizin başçısı İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında da Azərbaycan və İtaliyanın  bütün sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əlaqələrindən geniş bəhs edərək diqqəti təhsil sahəsinə, İtaliya-Azərbaycan Universitetinə yönəltdi. Bir daha bildirdi ki,  Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.

Tərəflər əlaqələrin inkişafından məmnunluqlarını ifadə edərək, qarşıdakı dövr üçün  prioritetləri müəyyənləşdirdilər. Ciorcia Meloni əməkdaşlıqda  energetika ilə yanaşı, digər sahələrin də mövcud imkanlarından bəhs etdi. Vurğuladı ki, həlledici digər sahə müdafiə və təhlükəsizlik sahəsidir. Bu sahədə, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə İtaliyanın ən kamil nəticələrini dəyərləndirərək əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz elə bir model təklif edirik ki, sənaye sistemləri arasında əməkdaşlıq nəticəsində biliklərlə mübadilə, birgə inkişaf, regional sabitliyə töhfə verə biləcək gələcək perspektivli sahələr və nəhayət, sənaye sistemlərimizi birləşdirən amillər olsun. Bir  daha vurğulandı ki,  dostluğumuz münasibətlərimizdə, cəmiyyətlərimiz arasında əlaqələrdə, mədəni bağlantılarda dərin köklər salıb.