Xəbərlər
YAP Xətai rayon təşkilatında partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib

İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Neapol küçəsi 8a ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirin Azərbaycan xalqının taleyində həlledici rol oynayan 15 İyun-Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdiyini önə çəkərək bildirib ki, bu tarix Azərbaycan dövlətçiliyinin şanlı qürur səhifəsidir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Bu tarix, eyni zamanda, Azərbaycanın tənəzzüldən tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı ilə Vətənə, xalqa sevgisini nümayiş etdirməklə yanaşı, azərbaycançılıq ideologiyasının təbliğinin prioritetliyini açıqlayan Ümummilli Lider Heydər Əliyevin dünyada Azərbaycanın rəmzi kimi qəbul edilməsini şərtləndirən amillər hər birmizə aydındır. Dahi şəxsiyyət Azərbaycanın müstəqilliyini dönməz, sarsılmaz etdi, dünya birliyinin fəal üzvünə çevirdi, imzasının imzalar arasında görünməsini təmin etdi. Ən böyük arzularından birini reallığa çevirdi - Azərbaycan hər birimizin böyük fəxr hissi ilə qeyd etdiyimiz kimi, dünyaya Günəş kimi doğdu.
Vüqar Rəhimzadə qeyd edib ki, Qurtuluşdan başlanan yol Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanı qalib ölkə kimi də dünyaya təqdim etdi. Artıq dörd ilə yaxındır ki, bütün bayramlarımızı, əlamətdar günləri Zəfər sevinci ilə qeyd edirik. Ötən il isə bu sevincimizə daha bir sevinc, Zəfərimizə daha bir Zəfər əlavə olundu. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Bu il hər bir bayramımızın, tarixi günlərimizin bütün ölkə ərazisində qeyd edilməsindən sevincliyik. Artıq ötən ilin 20 sentyabr tarixindən Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərə də Azərbaycan Bayrağı dalğalanır.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, uğurlarımız hər birimizi qürurlandırır, daha səylə çalışmağa stimul verir. Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası müstəqillik tariximizdə keçdiyimiz şərəfli yolun bələdçisi kimi daim Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına öz töhfəsini verir.
Tədbirdə çıxış edən Zemfira Məsiyeva bildirib ki, Azərbaycanın dünyaya səs salan möhtəşəm uğurlarından günlərlə danışa bilərik. Dövlət başçısı İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Onun şah əsərini daim zəfərlərə aparır.
Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib. Yeni üzvlərdən Hikmət Əhmədov və Sevinc Süleymanova çıxış edərək dünənin, bu günün və gələcəyin partiyası kimi nüfuz, milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqdan qürur hissi keçirdiklərini bildiriblər.