Xəbərlər
Yardımlıda Ulu Öndərin anadan olmasının 101 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayon üzrə sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Rayon Ziyalılar Cəmiyyətinin sədri, partiya veteranı Zakir İmanov, Urakəran ərazi partiya təşkilatının sədri Tofiq Nəsirov və Şiləvəngə ərazi partiya təşkilatının sədri Fərman Mustafayev Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsində misilsiz xidmətlərindən danışıblar. Ulu Öndərin hakimiyyətdə olduğu illər ərzində sülh, sabitlik siyasəti yürütdüyünü, Azərbaycanın hərtərəfli inkişafı üçün çalışdığı qeyd olunub.
Çıxışlarda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxdığı xüsusi vurğulanıb.