Xəbərlər
Strateji tərəfdaşlığın inkişaf dinamikası
Ayaz Quliyev
YAP Xızı rayon təşkilatrının sədri
Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri çox mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu səfər bir daha göstərir ki, Azərbaycan xarici siyasətində sabit, etibarlı və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır. Səfər zamanı səsləndirilən bəyanatlar və keçirilən görüşlər Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu təsdiqləyir.
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.
Gürcüstana səfər çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, iki dövlət arasında münasibətlər yalnız mövcud əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda gələcəyə yönəlmiş strateji baxışa əsaslanır. Regionda davamlı sülhün təmin olunması üçün iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Gürcüstanın tranzit ölkə kimi rolu mühüm faktor kimi çıxış edir. Ticarət və iqtisadi əməkdaşlıq sülh prosesinin möhkəmlənməsində praktik vasitə kimi qiymətləndirilir.
Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə əsas amillərdən biri də qonşu ölkələrlə münsibətləri daha da inkişaf etdirməkdir. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir. Gürcüstan Respublikasının Baş Naziri İrakli Kobixidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi də göstərir ki, qonşu dövlət Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır.
Prezident İlham Əliyevin bildirdiyi kimi bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır. Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir.
Qeyd etməliyik ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Bütün mövcud infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir.
Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, iki ölkə münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.
