Xəbərlər
Etimadı doğruldan Lider!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Quba rayonunun Timizyazev qəsəbəsi və Alekseyevka, Zizik, İqriq, Yeni Güləzi kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Hacıəli Məmmədov, Elxan Məmmədov, Pisax İsakov və Müsənnif Ramazanov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildikdən sonra çevik islahatlar yolunu tutaraq ölkəmizin inkişafına hesablanmış mükəmməl proqramlar həyata keçirib. Həmin uğurlu proqramlar, strateji layihələr, beynəlxalq qurumlarla və xarici dövlətlərlə fəal əməkdaşlıq, güclü ordu quruculuğu torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnib.
Natiqlər seçiciləri prezident seçkilərində Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.