Xəbərlər
YAP Şəmkir rayon təşkilatında tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, milli dövlətçilik ənənələrimizin formalaşdırılması və inkişafında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Prezident İlham Əliyev Ulu Öndərin ideyalarına və siyasi strategiyasına daim sadiq qalaraq onları müasir dövrün tələblərinə uyğun şəkildə zənginləşdirir və ardıcıl şəkildə həyata keçirir.
Rayon təşkilatının sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, demokratik inkişaf proseslərində fəal iştirak edir, müstəqil Azərbaycanın tərəqqisinə öz töhfələrini verir. 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayının partiyanın fəaliyyətində yeni mərhələnin əsasını qoyduğu diqqətə çatdırılıb. Qurultayda qəbul edilən qərarların partiyanın müasir çağırışlara uyğun inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Bildirilib ki, YAP Şəmkir rayon təşkilatı 2025-ci il ərzində fəaliyyətini partiyanın qurultay qərarlarına, YAP Mərkəzi Aparatının tapşırıqlarına və rayonun ictimai-siyasi həyatında fəal iştiraka uyğun şəkildə qurub. İl ərzində partiya üzvlərinin fəallığının artırılması, ərazi partiya təşkilatları ilə ardıcıl və səmərəli işin təşkili, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, şəhid ailələri və qazilərə diqqət və qayğının göstərilməsi istiqamətində müxtəlif tədbirlər və layihələr icra olunub.
Fəxrəddin Vəliyev onu da qeyd edib ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı rayon təşkilatı tərəfindən silsilə tədbirlər həyata keçirilib. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar rayon təşkilatı qarşısında duran vəzifələrin müəyyən edildiyi diqqətə çatdırılıb.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatlardan, sosial-iqtisadi inkişafdan bəhs edib. O, 2025-ci ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu, bu istiqamətdə məqsədyönlü və ardıcıl addımların atıldığını bildirib.
Tədbirdə Dağ-Cəyir kənd ərazi partiya təşkilatının sədri Famil Həmidov, Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova və digər çıxış edənlər 2025-ci ildə görülmüş işlər barədə məlumat verib, 2026-cı il üçün qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
