Xəbərlər
Saatlıda Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov qeyd edib ki, 1996-cı ildə keçirilmiş I Gənclər Forumundan artıq 30 il ötür. Həmin dövrdə atılan addımlar və səsləndirilən ideyalar bu gün artıq cəmiyyətimizin inkişafında və gələcəyə baxışında mühüm rol oynayır. O vurğulayıb ki, ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti daim dəstəkləyir.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, Azərbaycan gəncliyinin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və digər sahələrdə fəal iştirakından, gənclər üçün yaradılan geniş imkanlardan və gənclər siyasətinin ölkəmizdə yeni mərhələyə qədəm qoymasından bəhs edib. Qeyd olunub ki, gənclərin mənəvi inkişafı, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə göstərilən xüsusi diqqətin nəticəsidir.
Tədbirdə çıxış edən Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial pedaqoqu Türkan Həsənova, Saatlı rayonu Bəylər kənd İƏD-nin baş məsləhətçisi Orxan Məmmədov və Saatlı Tibb Kollecinin media mütəxəssisi Nərmin İsgəndərova bildiriblər ki, bu gün Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhuna malikdir. Gənclər dövlət qayğısını daim hiss edir və əldə etdikləri nailiyyətlərlə onlara göstərilən etimadı doğrultmağa çalışırlar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə hədiyyələr təqdim edilib, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri verilib.
