Xəbərlər
Balakən seçiciləri ölkəmizin gələcəyinə səs verəcəklər

Balakəndə seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Balakən rayonunun Qabaqçöl qəsəbə və Tülü kəndlərindən olan seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, təşviqat qrupunun üzvləri Xəlifə Mirəliyev, Akif Mirzəyev, Taleh Şahverdiyev çıxış ediblər.
Çıxışçılar qeyd ediblər ki, bu gün Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqətindədir. Məhz uğurlu siyasətin, ölkəmizdə xalq-lider birliyinin beynəlxalq səviyyədə yüksək təqdir edilməsinin nəticəsidir ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə, xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında qərarlaşır.
Natiqlər seçiciləri səsvermə günü qalib Lider, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər bildiriblər ki, 7 fevral prezident seçkilərində Balakən seçiciləri də ölkəmizin gələcək inkişafına, Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamına səs verəcəklər.