Xəbərlər
“Xocalı faciəsi bizim qan yaddaşımızdır”
Zaqatala rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı faciəsi bizim qan yaddaşımızdır” mövzusunda anım tədbiri keçirilib.
Rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və Xocalı sakinlərinin iştirak etdikləri tədbirin iştirakçıları əvvəlcə Zaqatala şəhərində yerləşən “Xocalı soyqırımı” abidə kompleksini ziyarət edərək faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
Çıxış edən Milli Məclisin deputatı Asif Əsgərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı aktının bəşəriyyətə qarşı ağır cinayət olduğunu bildirib. Deputat vurğulayıb ki, Xocalı faciəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək və tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının müqəddəs borcudur.
Millət vəkili çıxışında qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük lokal xarakterli antiterror əməliyyatlarında qazanılan möhtəşəm qələbələr nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub, o cümlədən Xocalı şəhəri işğaldan azad edilib. Vurğulanıb ki, Böyük Qayıdış Proqramı çərçivəsində azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri reallaşdırılır. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma torpaqlarına qayıdırlar. Tarixi zəfərlər şəhidlərin qanı və canı bahasına əldə olunub, onların əziz xatirəsi daim uca tutulacaqdır.
