YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Xocalı qan yaddaşımızdır”

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 34-ci ildönümü münasibəti ilə “Unutmadıq: Xocalı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi ilə bağlı məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Üçtəpə kənd orta məktəbinin direktoru Hökmran Qocayev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Arzu İbrahimova, rayon Gənclər və İdman sektorunun əməkdaşı İqbal Musazadə çıxış ediblər.  Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilən soyqırımı tariximizin ən dəhşətli və faciəli səhifələrindən biridir, bu hadisə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlardan heç vaxt silinməyəcək.

Qeyd olunub ki, Xocalı faciəsinə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilib və 1994-cü il fevralın 24-də Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərar qəbul olunub.

Çıxışlarda Vətən müharibəsində əldə olunan şanlı Zəfərdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan təmizlənməsindən ətraflı bəhs edilib.