Xəbərlər
Xocalı soyqırımı qurbanlarının xatirəsi Sumqayıtda da anılıb
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov qeyd edib ki, Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və sistemli siyasət həyata keçirilir.
Həmçinin qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və bu gün Qarabağda Azərbaycan bayrağının qürurla dalğalanması şəhidlərimizin ruhuna ən böyük ehtiramın ifadəsidir. Tarixi ədalət bərpa olunub və Azərbaycan xalqı öz gücünü, iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirib.
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev, Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü İlahə Absalamova, müəllimlər Kəmalə Səfərova və Ziya Şirinov, tələbələr Ellada Zərgərova, İbrahim Abbasov və Vüqar Tağıyev Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, gənc nəsil tarixi həqiqətləri dərindən bilməli, milli yaddaşın qorunması istiqamətində fəal mövqe nümayiş etdirməlidir.
Sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
