YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Şanlı Zəfər nəticəsində Xocalı qurbanlarının qisası alınıb"

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “C.Cabbarlı küçəsi 1” (Səyavuş Paşayev adına 6 saylı tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.

Sonra “26 Fevral - Xocalı soyqırımı” adlı fotosərgiyə baxış keçirilib.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların, eləcə də Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, məktəbin direktoru, partiya üzvü Səyyaf Zülfiqarov, məktəbin direktor müavini, “C.Cabbarlı küçəsi 1” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Türfə Kərimova, partiya fəalları Qızlar Əzizova, Sevda Qədirova və Mariya Məmmədova çıxış edərək bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır. Qətlə yetirilənlərin 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı insanlar olub. Faciə nəticəsində 8 ailə tamamilə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Xocalı qurbanlarının qisası alınıb və bu gün Xocalı özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Qeyd olunub ki, 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını ucaldaraq tarixi ədalətin bərpa olunduğunu bütün dünyaya bəyan edib. Hazırda Xocalıda genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır.