Xəbərlər
Ümidləri doğruldan Lider

Lənkəranda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Lənkəran şəhərində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, təşviqat qrupunun üzvləri İbrahim Quliyev, Siyavuş Süleymanlı, Sənan Əzizov və Milli qəhrəman, şəhid Əskər Əliyevin atası Ələkbər Əliyev çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində əldə etdiyi uğurlardan, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunmuş böyük Qələbənin əhəmiyyətindən, yeni mərhələdə aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı geniş məlumat verilib.
Natiqlər seçiciləri Zəfərlərimizin davamlılığına dəstək olmaq üçün xalqımızın ümidlərini doğruldan Liderə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.