Xəbərlər
Verilən vədlər yerinə yetirildi
Azad Balayev
YAP Balakən rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Ciddi əsaslara söykənən bu qərar Azərbaycan xalqının istəyi, ölkəmizin uğurlu gələcəyini özündə ehtiva edir.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. YAP yekdilliklə bu qərarı təsdiqlədi. Bu, yalnız Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarı deyildi. Bu Azərbaycan xalqının sevgisini, inamını və etimadını özündə ehtiva edən addım idi.
Hər bir mühüm hadisə keçilən yolun təhlilini bir zərurətə çevirir. Azərbaycanın keçdiyi inkişaf yolunun uğurlarına baxış və gələcəyə yönələn hədəfləri özündə birləşdirən bu addım xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Ulu öndərin 2003-cü ildə xalqa tarixi müraciəti Heydər Əliyev yolunun uğurlu davamını təmin etdi. Xalqımız 2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə səs verərək Heydər Əliyev siyasətinin davamını istədi. Son 20 ildə Azərbaycanın qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin etdi. Çevik xarici siyasət kursu formalaşdırdı. Dövlətin güclü sosial siyasətini yaratdı. Ölkədə dünya standartlarına uyğun ordu quruldu. 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı zəfər və bu ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni gələcək və yeni bir inkişaf mərhələsidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amillərdən biridir. Hazırda ölkəmiz seçki dövrünü yaşayır. Cənab İlham Əliyevin prezidentliyə namizədliyi hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Prezident İlham Əliyev son 20 ildə Azərbaycanın çoxəsrlik tarixini zəfər səhfələri ilə daha da zənginləşdirdi və xalqa verilən vədlər bütünlüklə yerinə yetirildi. Cənab İlham Əliyev sübut etdi ki, O hər bir Azərbaycan Respublikası vətəndaşının Prezidentidir.