Xəbərlər
Azərbaycana ərazisinə qarşı olan hərbi təxribat qətiyyətlə pislənilir
İranın Azərbaycan ərazisinə onun ayrılmaz hisəsi olan Naxçıvana mülki aeroporta qarşı dron hücumları açıq riyakarlığın göstəricisidir. Bu eyni zamanda beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, İranın Azərbaycan ərazisinə açıq hərbi təxribatı qonşuluq prinsiplərindən tamamilə uzaqdır: “Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən nəinki İrana ümumiyyətlə heç bir dövlətə qarşı istifadə edilməsinə imkan verməyəcək. Təəsüf ki, İran bu reallığı dərk etmək əvəzinə Azərbaycanın mülki hava limanına dron hücumu həyata keçirib. Sözsüz ki, mülki aeroportun və mülki infrastrukturun hədəf alınması böyük risklər və təhlükələr deməkdir. Bu eyni zamanda açıq terror aktı kimi təzahür edilir. Çünki mülki infrastrukturun hədəf alınması, mülki şəxslərin həyatı üçün açıq risklər yaradır. Məhz İranın bu hücumu zamanı mülki infrastrukturla yanaşı mülki şəxslərin də xəsarət alması beynəlxalq hüquqa, insanlığa qarşı olan açıq terror aktı cəhdidir”.
Deputat bildirib ki, bu gün Azərbaycan regionda sülhün və əməkdaşlığın, təhlükəsizliyin əsas zəmanətçisi rolunda çıxış edir: “Özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etmiş Azərbaycan bütün qonşuları ilə açıq əməkdaşlıqda regional kommunikasiya xətlərinin blokadadan çıxarılması, iqtisadi, siyasi əlaqələrin formalaşması üçün açıq təşəbüslər irəli sürür. Artıq bunun ilkin nəticələri də göz önündədir. Buna baxmayaraq İranın üzləşdiyi çətinliklər fonunda Azərbaycanı hədəf kimi seçməsi absurd yanaşma olmaqla bərabər riyakarlığın bariz nümunəsidir. Ona görə də, İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları qətiyyətlə pislənilir. Sözsüz ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür: Onlar bu addımlarına görə cavab verməli olacaqlar”.
Sevinc Hüseynova hesab edir ki, İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi nankorluğun və riyakarlığın göstəricisidir: “Bu bir reallıqdır ki, mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. Eyni zamanda bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu həmçinin regionda gərginliyin artmasına xidmət edən təxribat xarakterli adımdır. İran İslam Respublikası qısa müddət ərzində bu məsələyə aydınlıq gətirməlidir. Onlar izahat verməlidir və bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsi təmin olunmalıdır. Azərbaycan dövləti özünün sülh mövqeyinə sadiqdir və ölkəmiz hər zaman humanizm prinsiplərini əsas tutub. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət edib. Eyni zamanda ölkəmiz hər zaman dar gündə həmişə qonşularına dəstək olub. İrana da ölkəmizdən humanitar yardımın göndərilməsi planlaşdırılırdı. Məhz belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf alması dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı oldu. Təbii ki, bu ölkəmizə qarşı açıq təxribat cəhdidir və cavabsız qalmayacağına da hər kəs əmindir. Azərbaycana hücum edənlər həmişə peşman olublar. İran tərəfi də bu qorxaq əməlinə görə cavab verəcəkdir”.
