Xəbərlər
Naxçıvana dronlarla edilən hücum İranın molla rejiminin terrorçu xislətinin göstəricisidir
Mübariz Qurbanlı,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Martın 5-də İran Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğunun, riyakarlığının göstəricisidir. Bu hadisə bütün Azərbaycan ictimaiyyətində dərin qəzəb və hiddət doğurur. Biz İranın bu hərəkətini qətiyyətlə pisləyirik.
Bildiyimiz kimi Azərbaycan dövləti İranla münasibətlərdə hər zaman qonşuluq prinsipinə sadiq qalmışdır. Respublikamız heç vaxt beynəlxalq səviyyədə İran əlyehinə kampaniyalara qoşulmamış, habelə öz ərazisindən cənub qonşusuna qarşı istifadə olunmasına imkan verməmişdir. Bu günlərdə İranda baş verən hadisələrdən sonra Azərbaycan dövləti bir daha qonşuluq prinsiplərinə sadiq qaldığını bəyan etmişdir. Prezident İlham Əliyev martın 1-də İran Prezidenti Məsud Pezeşkiana məktubunda İranın Ali Liderinin ölümü ilə bağlı başsağlığı vermişdir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığında hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanmışdır.
Lakin bütün bunların qarşısında Naxçıvana dronlarla edilən hücum İran dövlətinin münasibətlərdəki riyakarlığının, dostunu və düşmənini hələ də düzgün müəyyən edə bilməməsinin göstəricidir.
Ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İran Azərbaycana qarşı müxtəlif vaxtlarda bu cür riyakar əməllərə yol vermişdir. Molla rejimi azərbaycanlılara da qənim kəsilmiş, soydaşlarımızı bütün hüquqlardan məhrum etmiş, daim təzyiq altında saxlamış, azərbaycanlı fəallar təqib olunmuş, cəzalandırılmışdır.
İranın molla rejimindən fərqli olaraq Azərbaycan hər zaman qonşuluq prinsiplərinə sadiq olmuşdur. Azərbaycan həmişə dar günlərində qonşularına kömək etmişdir. İranda baş verən son hadisələrlə əlaqədar olaraq respublikamız bu ölkəyə humanitar yardım göndərməyi planlaşdırırdı. Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi molla rejiminin nankorluğu ilə yanaşı, həm də dinc sakinlərə və mülki infrastruktura qarşı həyata keçirdiyi terrordur.
Bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. Azərbaycana hücum edənlər həmişə peşman olublar, İran da bu qorxaq əməlinə görə peşman olacaq. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirməli, buna izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməlidir. Respublikamız müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq.
