Xəbərlər
Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır
“Martın 5-də Azərbaycan Respublikasının ərazisinə qarşı İran İslam Respublikası tərəfindən həyata keçirilən dron hücumları qətiyyətlə pislənilməlidir. Bu hadisə regionda sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn və dövlətlərin ərazi bütövlüyü prinsipinin açıq şəkildə pozulmasıdır”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib.
O deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi dövlətimizin məsələyə nə qədər ciddi yanaşdığını göstərir: “Naxçıvan Beynəlxalq Hava Limanının, onun terminal binasının, eləcə də məktəb və digər mülki obyektlərin namərd atəşə tutulması xüsusilə narahatedicidir. Mülki infrastruktura qarşı belə hücumların həyata keçirilməsi qəbuledilməzdir və bunu törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.
Azərbaycan dövləti hər zaman regionda sabitliyin, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin tərəfdarı olub. Lakin dövlətimizin təhlükəsizliyi və vətəndaşlarımızın həyatı məsələsində heç bir güzəşt ola bilməz. Bu baxımdan Azərbaycan tərəfinin İran rəsmilərindən rəsmi izahat tələb etməsi, baş vermiş hadisəyə görə üzr istənilməsini və bu terror aktını törədən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etməsi tamamilə haqlı və əsaslı mövqedir”.
Onun fikrincə, regionda gərginliyin artmasına səbəb ola biləcək belə addımlar qəbuledilməzdir: “İran tərəfi baş vermiş hadisəyə aydınlıq gətirməli, məsul şəxslər müəyyənləşdirilməli və cəzalandırılmalıdır. Bu, həm də gələcəkdə oxşar təxribatların qarşısının alınması baxımından vacibdir. Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır. Eyni zamanda beynəlxalq ictimaiyyət də mülki obyektlərə qarşı həyata keçirilən bu kimi hücumlara prinsipial münasibət bildirməli, terror və təxribat xarakterli addımları qətiyyətlə pisləməlidir.
Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarı olaraq qalır. Lakin ölkəmizə qarşı yönəlmiş hər hansı təhlükə və ya təhdidə qarşı qətiyyətli mövqe nümayiş etdirilməsi dövlətimizin dəyişməz prinsipidir”.
