Xəbərlər
Məsuliyyət birbaşa İranın üzərinə düşür
Zərifə Quliyeva
YAP Veteranlar Şurasının üzvü
İran-Azərbaycan münasibətləri bu gün özünün ən gərgin dövrünü yaşayır. Bunun əsas səbəbi rəsmi Tehranın İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqları, Azərbaycanın Ermənistan və havadarları üzərindəki tarixi qələbəsini həzm edə bilməməsidir. Əslində, İranın Azərbaycana münasibətində 30 ildir yaxşılığa doğru dəyişən heç nə müşahidə olunmayıb. Bu münasibətlərdə hökm sürən gərginlik vaxtaşırı olaraq özünü açıq şəkildə büruzə verib. İran adını İslam Respublikası qoysa da, daim ədalətsizliyin yanında olub, işğalçı Ermənistana dəstək verib. Neçə vaxt idi ki, İran Azərbaycan sərhədlərinə ordu cəmləşdirir və dalbadal təlimlər keçirir, bu ölkənin rəsmiləri, din xadimləri, mətbuatı hər gün Azərbaycanın ünvanına təhdidlər, böhtanlar yağdırırdılar. Bir sözlə, Tehran Azərbaycana qarşı öz düşmən münasibətini bütün imkanları ilə ortaya qoyurdu. Bu da ölkəmizin dünya birliyində əlaqələrinin getdikcə möhkəmlənməsi və genişlənməsindən irəli gəlirdi. Azərbaycanın İrandakı səfirliyinə hücumu xatırlayaq. Beynəlxalq hüquq normalarına qarşı bu hörmətsizliklə molla rejimi özünün iç üzünü, riyakarlığını ortaya qoydu. İran tərəfindən zaman-zaman bölgədə sabitliyi pozan və ya Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan yanaşmalar müşahidə edilib.
Bu gün artıq molla rejimi Azərbaycana qarşı düşmənçiliyini açıq şəkildə nümayiş etdird. İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına dron hücumu etməklə, əslində, İslam adına yaraşmayan faşist xislətini təsdiqlədi. İran bu naqisliyi ilə işğalçı Ermənistanın dostu olduğunu bir daha təsdiqlədi. Xatırladım ki, İran 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan qoşunlarının ratsiya əlaqəsini izləyərək Ermənistana xəbər verirdi.
İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğunun, riyakarlığının, qəddarlığının təsdiqidir. Prezidenti İlham Əliyevin İranın ölkəmizdəki səfirliyinə gedib bu ölkənin İranın Ali Rəhbərinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verməsindən bir gün sonra İran Silahlı Qüvvələrinin faşistlərə xas olan qəddarlıq nümayiş etdirməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İranlılar bu qəddarlığına görə erməni “qardaşlarının” yanında olduqlarını bir daha təsdiqlədilər. Təbii ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür və onlar layiqli cavablarını alacaqlar. Mən və miyonlarla soydaşımız artıq məhvə doğru addım-addım yaxınlaşan molla rejiminin Naxçıvan ərazisində həyata keçirdiyi dron hücumlarını qətiyyətlə pisləyir və ədalətsizliyin İslam adına ləkə olduğunu bildirik.
Ölkəmiz öz ərazisindən İran və ümumiyyətlə, digər dövlətlərə təhlükə yaranmasına heç vaxt yol verməyib. Azərbaycan daim beynəlxalq hüquq normalarına riayət edib, haqqın-ədalətin yanında olub, dar gündə həmişə qonşulara yardım göstərib, o cümlədən İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. İranda molla rejimi həmin ölkədə yaşayan soydaşlarımızın bütün hüquqlarını pozub və onları həmişə təzyiq altında saxlayıb. Görünür, İrandakı molla rejimi sonunun yaxınlaşdığını hiss edib və cəhənnəmə gedən yolda özünə “dost” axtarır.
