Xəbərlər
Ölkəmiz dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, neft kapitalını insan kapitalına çevirməliyik. Bu mühüm reallıq da diqqətə çatdırıldı ki, əgər inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır.
Yaxın günlərdə müstəqilliyinin bərpasının 32-ci ildönümünü qeyd edəcək Azərbaycanın 1993-cü ildən, yəni Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra imza atdığı uğurların xronologiyası təkmil inkişaf modelimizin təqdimatıdır. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi qürurvericidir. Azərbaycan innovasiyalar ölkəsi kimi nüfuz qazanıb. 3 peykimiz var və Azərbaycanda kosmik sənaye uğurla inkişaf edir. Ölkəmiz dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.
Oktyabrın 2-də Azərbaycanın 50 ildən sonra ikinci dəfə ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresindəki çıxışında dövlət başçısı İlham Əliyev Azərbaycanın bu illər ərzində qazandığı uğurlardan geniş bəhs edərək bu mühüm məqamı xüsusi olaraq qeyd etdi: “Ümid edirəm ki, qonaqlarımızın söylədiklərimi öz gözləri ilə görmək, insanlarla tanış olmaq və Azərbaycanı daha yaxşı tanımaq imkanı olacaq. Bəli, bizim qədim tariximiz var və o, videoçarxda göstərildi. Bizim qədim mədəniyyətimiz var. Lakin müstəqil ölkə kimi biz hələ çox gəncik, cəmi 32 yaşımız var.”
Prezident İlham Əliyev çıxışında diqqəti belə bir reallığa da yönəltdi ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün üfüqlərimizi genişləndiririk. Bu mühüm beynəlxalq tədbirin keçirilməsinin Azərbaycana həvalə olunmasını ölkəmizə olan etimadın və fəaliyyətimizə dəstəyin göstərici hesab edirik.
Reallıq budur ki, qitələrarası körpü rolumuz cəmiyyətin inkişafında mühüm rol oynayır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Otuz ildən artıq müstəqillik dövründə həyat tərzimizin bu faktoru gücləndirilib. Azərbaycan bunu sabitliyin, proqnozlaşdırmanın və ölkəmizdə yaşayan bütün etnik qrupların, dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edir. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.
Hər bir beynəlxalq əhəmiyyətli tədbir ona ev sahibliyi edən, həmçinin iştirakçı ölkələrin hər bir sahədə malik olduğu imkanların təqdimatıdır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi və maliyyə imkanlarının genişlənməsini şərtləndirir. Bu isə öz növbəsində Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində, yeni layihələrin gündəmə gətirilməsində öz sözünü deyir. Bu gün müstəqil ölkə olaraq Azərbaycanın təbii sərvətləri xalqımızın mənafeyinə xidmət edir. Dövlət başçısı İlham Əliyevin Konqresdəki çıxışında qeyd olunduğu kimi, bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsaq, orada Azərbaycanın dəst-xəttini görərik. Təşəbbüskarı olduğumuz və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə regionun enerji təhlükəsizliyinə töhfə vermir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir.
Ölkəmizin hər bir sahədə qazandığı uğurları diqqətə çatdıran dövlət başçısı İlham Əliyevin “Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır” fikirləri dünənimizin, bugünümüzün və gələcəyimizin bir daha təqdimatı oldu.