Xəbərlər
“Humanitar böhran” ssenarisi Nyu-Yorkda iflasa uğradı
Azərbaycan hər zaman sülh konsepsiyası, ərazi bütövlüyü və suverenlik məsələsində prinsipiallıq nümayiş etdirib. II Qarabağ müharibəsində özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edən Azərbaycan Ermənistana 5 bəndlik sülh konsepsiyası təklif etdi. Bu sülh konsepsiyası beynəlxalq hüququn norma və prinsiplərini özündə ehtiva edir. BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxarmış olduğu qətnamələri təkbaşına icra edən ölkəmiz həmçinin beynəlxalq hüquqa, ali orqanın qərarlarına olan yanaşmasını nümayiş etdirdi. Sözsüz ki, bu gün Azərbaycan siyasi-diplomatik müstəvidə öz maraqlarını qorumağı bacarır. Ölkəmizin beynəlxalq miqyasda artan, güclənən mövqeyi, dost və tərəfdaşlarının verdiyi önəm bu müstəvidə mühüm əhəmiyyətə malikdir
Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan Vətən Müharibəsindən sonra bölgədə daimi sülhün, təhlükəsizliyin təminatı üçn prinsipial mövqe sərgiləyib: “Ermənistan isə özünün işğalçı mahiyyətindən çıxış edərək növbəti dəfə təxribatlar və əsassız iddialarla bölgədə yenidən gərginliyin yaranmasına çalışır. Erməni tərəfi məhz bu konteksdə özünün çirkin siyasətinə bir sıra beynəlxalq təşkilatları alət etməklə məkirli niyyətinə nail olacağına, bu məsələdə lobbi təşkilatlarının imkanlarına arxalanır. Amma görünən odur ki, indi nə erməni lobbisinə, nə də Ermənistanın əsassız iddialarına inan yoxdur. Özləri kimi düşünən üç-beç siyasətçidən başqa hər kəs Ermənistanın məqsədindən agahdır. Elə Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kompaniyası üçün istifadə etmək cəhdi də bu qəbildən olan absurd bir ssenari idi. Reallıq odur ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxarmış olduğu 4 Qətnaməni heçə sayan və 30 ilə yaxın onu icra etməyən Ermənistan indi bu ali qurumdan öz absurd iddialarına dəstək umurdu. Qarşı tərəf öz məkirli məqsədinə ali orqanı alət etməklə nəyəsə nail olmağa çalışırdı”.
Deputat bildirib ki, Ermənistanın bu hiyləsi növbəti dəfə baş tutmadı: “Çünki Ermənistan və ona havadarlıq edənlər Azərbaycanın qlobal miqyasda artan nüfuzundan xəbərsizdir. Düşünmürlər ki, bu gün dünyada söz sahibi olan ölkələrdən bir məhz Azərbaycandır. Ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan qlobal pandemiya dövründə vacib təşəbbüslərlə çıxış etmiş, bir çox ehtiyacı olan ölkələrə yardım göstərmiş dövlətdir. Dünya icimaiyyəti, beynəlxalq birlik bunu görür, bilir. Ona görə də, Azərbaycanın etibarlı tərəfdaş kimi olan mövqeyi BMT səviyyəsində qəbul edilir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan bütün beynəlxalq təşkilatlarda ən yüksək formada aktiv yer almaqla yanaşı vacib tərəfdaş kimi çıxış edir”.
S.Hüseynova Ermənistanın hümanitar məsələ ətrafında təxribat və şou xarakterli addımlarının BMT Təhlükəsizlik Şurası tərəfindən rədd edildiyini söyləyib: “Erməni tərəfi özünün yalan və böhtan konpaniyasına hər kəsi inandıracağını düşündüyü halda çətin vəziyyətə düşdü. Çünki erməni tərəfi unutmamalıdır ki, indi Azərbaycan 90-ci illərdəki kimi hərbi-siyasi, diplomatik müstəvidə zəif deyil və ölkəmizin etibarlı dostları, tərəfdaşları, qardaş Türkiyə kimi müttəfiqi onun mövqelərini ən yüksək səviyyədə qoruyur. BMT tribunasından da Azərbaycanın haqlı maraqlarına qardaş Türkiyənin vermiş olduğu dəstək bu mənada xüsusi önəm kəsb edir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandı ki, regionda sülh, sabitlik suverenlik və ərazi bütövlüyünə əsaslanmalıdır”.
YAP Təftiş Komissiyasının sədri BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də qardaş Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan sakinlər üçün Ağdam-Xankəndi yolu ilə zəruri ehtiyacların çatdırılmasının mümkünlüyünü önə çəkdi: “Bu xüsusda Braziliyanın və Albaniyanın da prinsipial mövqe sərgiləməsi olduqca önəmli idi. Azərbaycanla Braziliya arasında Qoşulmama Hərəkatı çərçivəsində formalaşan sıx münasibətlər bu məsələdə özünü bir daha təsdiq etmiş oldu. Albaniya ilə Azərbaycan arasında son illər yüksələn xəttlə inkişaf edən əlaqələr mövcudur. Enerji təhlükəsizliyi məsələsində olan ortaq mövqe iki ölkənin bir-birinin maraqlarının müdafiəsi məsələsində özünü təsdiqləyir. Bu müstəvidə BMT-dəki müzakirələr Azərbaycanın “Ağdam-Xankəndi” yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını əyani təzahürü hesab olunur. Çünki yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün əsas Ağdam-Xankəndi yolunun önəmi bir daha vurğulandı. Ona görə də, Ermənistanın yarattığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyü önə çəkildi”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycanın BMT TŞ-nın müzakirələrində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında sülhə sadiq olduğu bir daha bəyan edildi: “Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərə Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquqlar verməyə hazır olduğu qeyd edildi. Bu Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğundur. Azərbaycan bütün hüquq və azadlıqları təmin etməklə Qarabağın erməni sakinləri ilə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparmağa hazırdır. Bütün bunlarla yanaşı ölkəmiz normallaşma gündəliyinin irəli aparılmasında maraqlı olduğunu, regionda çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq üçün bütün tərəflərlə konstruktiv fəaliyyətə sadiq qaldığını bəyan etdi”.