Xəbərlər
Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası labüddür
Elman Nəsirov
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz və qalib xalqımız Vətən müharibəsində tarixi zəfərə imza atdıqdan sonra dövlətimizin qarşısında dayanan növbəti prioritet istiqamət işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması ilə bağlı məsələdir. Bu strateji məqsədin reallaşdırılması üçün siyasi iradə, iqtisadi potensial, maliyyə resursları, kadr imkanları və beynəlxalq tərəfdaşların mövcudluğu xüsusi məna və əhəmiyyət kəsb edir. Ölkə Prezienti İlham Əliyevin imzaladığı iki mühüm sərəncam: ”Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” (2021-ci il, 2 fevral) və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” (2022, 22 iyul) əsasında işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı mühüm hüquqi baza yaradılmışdır. Sözügedən sənədlərdən irəli gələrək Prezident İlham Əliyev cari ilin 16 noyabr tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramını təsdiq etmişdir. Dövlət Proqramının əhatə dairəsinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları daxildir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır. Müəyyən edilmiş bu strateji Milli Prioritetin icrası ilə bağlı instisional mexanizmlər daha erkən qurulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır.
I Dövlət Proqramı üzrə aşağıdakı məqsədlər nəzərdə tutulmuşdur: I. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək; II. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək; III. Müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək; IV. Ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək; V. Əhalinin məşğulluq imkanlarını artırmaq; VI. 8 Sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək; VII. Dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək; VIII. Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək; IX. Ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq; X. Dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək; XI. Təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək; XII. Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq; XIII. Ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək; XIV. Təbii resurslardan səmərəli və effektiv istifadə etmək; XV. “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqini təşviq etmək.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına (TP) əsasən, 2026-cı ilədək 280 min ha ərazinin minalardan təmizlənməsi nəzərdə tutulmuşdur. TP-yə əsasən, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası planlaşdırılmışdır.
I Dövlət Proqramının icrası 2026-cı ildə başa çatmalıdır. Nəticədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının siması büsbütün dəyişəcək, növbəti Dövlət Proqramlarının həyata keçirilməsi üçün unikal imkanlar yaranacaqdır. Hər iki yenidən qurulmuş iqtisadi rayon Azərbaycanın nəhəng iqtisadi gücünün mühüm göstəricisinə, onun “vizit kartı”na çevriləcəkdir.