Xəbərlər
Jalə Əliyeva: Birinci Avropa Oyunları iqtisadi, sosial, mədəni inkişafımızı da dünya ictimaiyyətinə təqdim edəcək
«Azərbaycan möhtəşəm hadisə ərəfəsindədir. Birinci Avropa Oyunları ölkəmizin idman sahəsində qazandığı uğurları nümayiş etdirməklə yanaşı, eyni zamanda, iqtisadi, sosial, mədəni inkişafımızı da dünya ictimaiyyətinə təqdim edəcək». Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, Azərbaycanın tolerant yaşam tərzi, demokratik prinsiplərə əsaslanan idarəçiliyi, o cümlədən, ölkəmizdə bərqərar olan plüralizm bu gün bir sıra dövlətlərin nail ola bilmədiyi uğurlardır. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən və milli maraqlarımızın qorunmasını özündə ehtiva edən xarici siyasət kursumuz Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mühüm üstünlüyümüzü təmin edib. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları bu münaqişə ilə bağlı həqiqətlərin bir daha geniş Avropa auditoriyasına çatdırılması baxımından da olduqca əhəmiyyətlidir.
«Elə bu səbəbdəndir ki, ilk Avropa Oyunlarını hədəfə alanlar ermənilər və onlara dəstək duran xarici və daxili ermənipərəst qüvvələrdir. Amma onların bu cəhdləri heç bir nəticə verməyəcək. Bakı ilk Avropa Oyunları kimi çox böyük idman tədbirinə ev sahibliyi etməyə hazırdır. Qısa müddə ərzində dünya standartlarına tam şəkildə cavab verən idman arenalarının tikilməsi, digər mövcud yerlərdə müvafiq şəraitin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, davamlı dəstəyi və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin səmərəli fəaliyyəti sayəsində cəmi 2,5 il ərzində həll edildi. Baxmayaraq ki, bunun üçün uzun müddət tələb edilirdi. Bu, bir daha Azərbaycanın gücünün göstəricisidir»- deyə, J.Əliyeva qeyd edib.