Xəbərlər
Vətəndaşlıq borcu

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Ulu öndər Heydər Əliyevin bu tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilib. İfadə imkanlarının zənginliyi ilə səciyyələnən dilimizdə dünya ədəbiyyatı xəzinəsini zənginləşdirən misilsiz əsərlər yaradılmışdır. Ölkəmizdə dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən quran, bütün sahələrdə köklü islahatlar həyata keçirən ulu öndər Heydər Əliyev dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atdı. Dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi diqqətlə yanaşan ümummilli lider Heydər Əliyev ziyalılarla keçirdiyi görüşdə məsələ ilə əlaqədar geniş müzakirələr aparmışdı. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi Sərəncamla Dil Komissiyası yaradıldı. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli- mədəni özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi.
Ümummilli Liderin dilimizin inkişafı, tətbiqinin genişləndirilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkdi. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı dilimizin inkişafına, yad təsirlərdən qorunmasına geniş imkanlar yaratdı. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanın imzalanması da əhəmiyyəti ilə diqqətdə oldu. Belə ki, latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin özünü doğrultduğu nəzərə alınaraq hər il 1 avqust tarixinin ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması zəruri hesab olundu.
Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. Azərbaycanın 2001-ci ildən ötən 21 ildə qazandığı uğurların miqyasına diqqət yetirmək kifayətdir. Ölkəmizə hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunması hər sahədə zəngin təcrübəyə malik olmasından irəli gəlir. Ölkəmizin 2019-cu ildə UNESCO-nin Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi isə dövlətimizin milli-mənəvi dəyərlərimizin, tariximizin, dilimizin qorunması istiqamətində qazandığı uğurların təqdimatı oldu. Azərbaycan dilinin dünya dilləri arasında ən kamili olduğunu bir çox ölkələrin nümayəndələri də etiraf etdilər. Bir neçə dil öyrənmək hər kəsin intellekt səviyyəsini yüksəldir, başqa xalqların tarixi, mədəniyyəti barədə məlumat əldə etməsi imkanlarını artırır. Amma ilk növbədə öz tarixini öyrənmək, ana dilimizi sevmək hər kəsin vətəndaşlıq borcudur.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da məqsəd Azərbaycan dilinin istifadə coğrafiyasını genişləndirmək, dilimizi yad təsirlərdən qorumaqdır. Ana dilimiz ən qiymətli xəzinəmizdir.