Xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz bayramı ərəfəsində bir sıra uşaq evlərinə baş çəkib
Martın 11-də - Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb.
Şağan qəsəbəsindəki 3 nömrəli internat evinə gələn Leyla Əliyeva əvvəlcə müəssisənin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxdı. Heydər Əliyev Fondunun vitse-prezidenti internat evində yaradılan şəraitlə tanış oldu, burada yaşayan 168 uşağın təlim-tərbiyəsi ilə maraqlandı. Bildirildi ki, internat evi Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Nizami rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində də oldu. Məlumat verildi ki, Mərkəz daun sindromu xəstəliyinin xüsusiyyətləri nəzərə alınmaqla qurulub. Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dəcəllər” teatrının hazırladığı rəqs nümunələrini izlədi.
Sonra Leyla Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinə gəldi. Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət etdi, onların arzu və istəklərini dinlədi.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Nərimanov rayonunda yerləşən Uşaq Psixonevroloji Mərkəzində oldu, burada müalicə alan uşaqlar üçün təşkil edilən bayram şənliyində iştirak etdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinin sakinlərinə də bayram təbriklərini çatdırdı. Məlumat verildi ki, bu körpələr evində 4 yaşınadək 52 uşaq yaşayır. Ötən ilin noyabrında burada başlanan əsaslı təmir nəticəsində müəssisədə yaradılan şərait müasir standartlar səviyyəsində olacaq.
Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olundu.