Xəbərlər
Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir
İndi bütün beynəlxalq tribunalardan səsi eşidilən, superdövlətlərin də hesablaşdığı müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.
Ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü günündə Fəxri xiyabana onun məzarını ziyarət etmək üçün gələn paytaxt sakini Ramiz Xəlilov bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri və rolu var. Təsadüfi deyil ki, bu fenomenal şəxsiyyət azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlətimizin vətəndaşı olmaqdan qürur duyur.
Misilsiz xidmətləri ilə xalqının məhəbbətini qazanan, onun yaddaşına əbədi həkk olunan Ulu Öndərin xatirəsini yad etmək üçün minlərlə azərbaycanlı Fəxri xiyabana axışır. Bunun özü göstərir ki, qədirbilən xalqımız bu dahi şəxsiyyətin xidmətlərini unutmayıb və unutmayacaq, onun xatirəsini daim dərin ehtiramla anacaq.