Xəbərlər
Prezident İlham Əliyevin və Prezident Məhəmməd Əşrəf Qaninin görüşü olub
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşıladı.
Daha sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü oldu.
Prezident İlham Əliyev Məhəmməd Əşrəf Qanini seçkilərdə qazandığı qələbə münasibətilə Azərbaycan xalqı adından və öz adından təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. “Bu səfər bizim əməkdaşlığımızın, dostluğumuzun göstəricisidir və mən əminəm ki, biz bütün sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik”, - deyən Azərbaycan Prezidenti ölkələrimiz arasında çox yaxşı siyasi əlaqələrin olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan və Əfqanıstan hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. İqtisadi əməkdaşlıq üçün də yaxşı imkanlar mövcuddur, ticarət dövriyyəsi artır, bu sahədə yaxşı dinamika müşahidə olunur. Bu səfərdən sonra ticarət, investisiya, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın da mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. “Biz hər sahədə fəal əməkdaşlığa hazırıq, çünki Əfqanıstan bizim üçün qardaş ölkədir və xalqlarımız əsrlər boyu sülh və dostluq şəraitində yaşayıb”, - deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığı daha da genişləndirmək üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini bildirdi, Əfqanıstan Prezidentinin ölkəmizə səfərinin yaxşı nəticələri olacağına əminliyini ifadə etdi.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. “İlk növbədə Sizi Azərbaycanın möhtəşəm uğurları münasibətilə təbrik edirəm”, - deyən Əfqanıstan dövlətinin başçısı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə baş verən dəyişikliklərin bir örnək olduğunu vurğuladı. Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirən Məhəmməd Əşrəf Qani ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən islahatları öyrənmək arzusunu diqqətə çatdırdı. “Sizi Azərbaycanın neftə əsaslanan iqtisadiyyatını çox zəngin, şaxələndirilmiş iqtisadiyyata çevirməyiniz münasibətilə bir daha təbrik edirəm”, - deyən Prezident Məhəmməd Əşrəf Qani Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirdi. Məhəmməd Əşrəf Qani dövlətimizin başçısına Əfqanıstana yatırılan investisiyalara görə də təşəkkür etdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçıları, həmçinin regional əməkdaşlıq, investisiya, energetika, inşaat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə etdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Əfqanıstanın icra rəisi Abdulla Abdulla çay süfrəsi arxasında söhbəti davam etdirdilər.