Xəbərlər
Noyabrda dünya bazarlarına 60 min tondan çox dizel yanacağı ixrac edilib
Noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsi tərəfindən dünya bazarlarına 60 min 477 ton dizel yanacağı, 17 min 255 ton təyyarə yanacağı və 119 ton soba mazutu ixrac olunub.
Bu barədə Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, ümumilikdə yanvar-noyabr aylarında Azərbaycan 9 min 332 ton avtomobil benzini, 886 min 520 ton dizel yanacağı, 176 min 110 ton təyyarə yanacağı və 537 ton soba mazutu ixrac edib.
Ötən ay dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (bir ton üçün) 732,33 dollar, təyyarə yanacağının qiyməti 750,48 dollar, dizel yanacağının qiyməti 694,86 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 424,50 dollar olub.