Xəbərlər
Mançesterdə keçirilən neft və qaz sərgi-konfransında ARDNŞ-in yeni layihələri təqdim olunub
Böyük Britaniyanın aparıcı ticarət assosiasiyası olan Enerji Sənayeləri Şurasının (The Energy Industries Council) və Birləşmiş Krallığın Ticarət və Sənaye Agentliyinin (UK T&I) birgə təşəbbüsü ilə Mançesterdə “EIC Connect: Oil and Gas-2014” sərgi-konfransı keçirilib. 200-dən artıq şirkətin qatıldığı tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) də fəal iştirak edib.
ARDNŞ-in mətbuat xidmətindən bildirilib ki, şirkətin nümayəndə heyəti Azərbaycanda həyata keçirilən iri neft və qaz layihələrində yerli biznesin iştirakı, birgə fəaliyyətlər və yeni sənaye məhsullarının istehsalı perspektivləri mövzularında müzakirələr aparıb, əldə olunmuş uğurlar barədə sərgi-konfransın iştirakçılarına məlumat veriblər.
Şirkətin nümayəndələri ARDNŞ-in yeni Neft-Qaz və Neft Kimya Kompleksi (NQNK), “Star” neft emalı zavodu və “Cənub” qaz dəhlizi layihələri barədə təqdimat keçirib və auditoriyanı maraqlandıran sualları cavablandırıblar. Həmçinin “Azərbaycanın neft və qaz sektorunda yerli biznes resurslarından istifadənin və eyni zamanda yerli biznes subyektlərinin iştirakının artırılması” mövzusunda biznes-seminar təşkil olunub.
Enerji Sənayeləri Şurasının neft və qaz bölməsinin rəhbəri Neil Golding sərgi-konfransda ARDNŞ-in iştirakının yüksək qiymətləndirildiyini və əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə edib. Gələn il Böyük Britaniya şirkətlərinin nümayəndələrindən ibarət qrupun Azərbaycana səfərinin planlaşdırıldığı bildirilib və həmin ərəfədə Bakıda biznes seminarın keçirilməsi barədə danışıqlar aparılıb.