Xəbərlər
Koreyanın Baş naziri Çanq Honqvon İçərişəhərlə tanış olub
Koreya Respublikasının Baş naziri Çanq Honqvonun rəhbərlik etdiyi, noyabrın 26-dan Azərbaycanda rəsmi səfərdə olan nümayəndə heyəti noyabrın 27-də İçərişəhərlə tanış olub.
Nümayəndə heyəti üzvlərinin İçərişəhərdə gəzintisi Qız Qalası ilə tanışlıqdan başlayıb. Qonaqlara Qız Qalası abidəsinin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılmış bu qüllə XII əsrdə bərpa olunub. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindrik formalı tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilisindən ibarətdir.
Qonaqlar elektromobillə İçərişəhəri gəziblər. Gəzinti zamanı onlara UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlaşdırma işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhərin ərazisində müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.
Koreyanın Baş naziri Çanq Honqvon Kiçik Qala küçəsində gəzinti zamanı onu təndir çörəyinə qonaq ediblər.
Qonaqlar Şərqin memarlıq şedevrlərindən biri olan dünya əhəmiyyətli “Şirvanşahlar saray kompleksi” tarix-memarlıq abidəsi ilə də tanış olublar. Bildirilib ki, XV əsrin əvvəlində inşa edilmiş bu tarixi abidə İçərişəhərdəki təpələrdən birinin ən uca nöqtəsində yerləşir. Xəzər dənizindən və şəhər ətrafındakı yüksəkliklərdən baxanda Şirvanşahlar saray kompleksi aydın görünür. Kompleks bu gün də öz tarixi-memarlıq əhəmiyyətini saxlayır.
Çanq Honqvonun Azərbaycan paytaxtının bu qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ona hədiyyə təqdim edilib. Baş nazir rəylər kitabına ürək sözlərini yazıb.
Qədim İçərişəhərlə tanışlıq qonaqlara güclü təsir bağışlayıb.