Xəbərlər
Praqada “Azərbaycan-Möcüzəli Odlar Yurdu” adlı sərgi açılıb
Praqadakı Çexiya Milli muzeyinin binasında “Azərbaycan - Möcüzəli Odlar Yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərginin açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin, Çexiya Respublikası Milli Muzeyinin təşkilatçılığı və ölkəmizin Çexiyadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Azərbaycanın Çexiyadakı səfirliyindən bildirilib ki, açılış mərasimində Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını söyləyiblər.
Tədbirdə Çexiya Respublikasının xarici işlər, mədəniyyət nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, habelə bu ölkədə akreditə olunmuş diplomatik korpusların təmsilçiləri, çex və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Sərgiyə gələn iştirakçılar üçün Azərbaycanın mədəniyyəti və tarixi haqqında müxtəlif nəşrlər, o cümlədən çex dilində nəşr edilmiş “İrs” jurnalı və digər məlumat kitabçaları və broşürlər paylanılıb.