Xəbərlər
RF XİN: Azərbaycan rəhbərliyi öz ölkəsini müxtəlif millətlərin və dinlərin nümayəndələrinin tolerantlıq şəraitində yaşadığı dövlət kimi təqdim edir
Rusiya Xarici İşlər Nazirliyi (XİN) “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın müasir formalarının və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” növbəti məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycanda neonasizmin praktiki təzahürlərinin olmaması bəyan edilir. Sənəddə deyilir: “Azərbaycan Respublikası nasizm üzərində qələbədə sovet xalqının rolu barədə tarixi yaddaşın qorunub saxlanması, İkinci Dünya müharibəsi tarixini saxtalaşdırmaq və nasizmi qəhrəmanlıq kimi qələmə vermək cəhdlərinə qarşı mübarizə məsələlərində Rusiya Federasiyası ilə həmrəy mövqe tutur. 2018-ci ildə Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növlərinə qarşı mübarizə” adlı qətnaməsinin lehinə səs verib.
Məruzədə qeyd edilir ki, Azərbaycan rəhbərliyi öz ölkəsini müxtəlif millətlərin və dinlərin nümayəndələrinin tolerantlıq şəraitində yaşadığı dövlət kimi təqdim edir.
RF XİN-in məruzəsində deyilir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə milli, irqi, dini nifrət əsasında cinayət törədilməsi cəza təyin edilərkən ağırlaşdırıcı hal hesab edilir. Cinayət Məcəlləsində hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməyə (Maddə 103); siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi mənsubiyyətə görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etməyə (Maddə 109); hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən üstünlüyü təşkil və təmin etmək məqsədilə törədilən hərəkətlərə (Maddə 111); irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olaraq şəxsin bərabərlik hüququnu pozmağa (Maddə 154); milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə (Maddə 283) görə cəza nəzərdə tutulan maddələr də var”.