Xəbərlər
Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlanır
Noyabrın 28-də Milli Məclisdə “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə hazırladığı “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsinin hazırlandığını bildirib.
Bahar Muradova deyib ki, Dağlıq Qarabağda cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb olunmasında məhdudiyyətlər mövcuddur və bu, aradan qaldırılmalıdır. Qanun layihəsi Xocalı soyqırımını törədənlərin cinayət əməllərinə hüquqi qiymətin verilməsinə imkan yaradacaq. Layihə ilə bağlı hazırlıq işlərinə noyabrın 20-də başlanılıb. Milli Məclis sədrinin müavini vurğulayıb ki, “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsi hərbi tribunala müraciətlə bağlı araşdırma aparacaq. Xocalı soyqırımı ilə bağlı hazırlanacaq yeni qanun layihəsi isə buna hüquqi şərait yaradacaq.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin hazırlanmasının vacibliyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd ədalət mühakiməsinin təşkil olunmasıdır.
“Biz konkret tələb qoymalıyıq ki, Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən, eyni zamanda, işğalçılıq siyasətini davam etdirən Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”.
Bu fikri isə Milli Məclisin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov söyləyib. O bildirib ki, Xocalı faciəsi ilə bağlı qanun layihəsinin hazırlanması mühüm məsələdir.
Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov layihənin parlament tərəfindən üç ay müddətinə hazırlanıb təqdim olunacağını qeyd edib. Diqqətə çatdırılıb ki, layihədə beynəlxalq cinayət törədənlərin ikinci dövlətə və ya beynəlxalq tribunala verilməsi qeyd olunacaq.