YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sosial ədalət müasir cəmiyyətin əsas dəyərlərindən biridir

Nigar Məmmədova

Milli Məclisin deputatı

Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul zamanı məmurlar qarşısında yeni tapşırıqlar qoydu. Dövlət başçımız növbəti dəfə bütün bölgələrdə vətəndaşın maraqlarını ön plana çıxardı. İlk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmağın əsas iş prinsipi olduğunu xatırlatdı. Bu, idarəçilikdə əsas şərtdir. Cənab Prezident hər zaman bəyan edir ki, dövlət siyasətinin mərkəzində vətəndaş və onun maraqları dayanır. Bəzi məmur özbaşınalıqları ciddi narazılıq yaradır və dövlət başçısı belə halları birmənalı şəkildə yolverilməz hesab edir. Bu səbəbdən yeni təyin olunan icra başçıları ilə görüşdə ölkə başçısı konkret şəkildə bəyan etdi ki, məmurun təkəbbürü, özlərini hamıdan üstün tutmağa çalışması dövlət siyasətinə ləkədir. Korrupsiya, rüşvətxorluq hallarına yol verənlər isə mütləq qanun qarşısında cavab verməlidir və verir. İstənilən məmur anlamalıdır ki, ona verilən səlahiyyətdən sui-istifadə yolverilməzdir və əsas prinsip sosial ədalət prinsipidir.

Təbii ki, sosial ədalət müasir cəmiyyətin əsas dəyərlərindən biridir və bütün vətəndaşlar üçün bərabər imkanlar, hüquqlar və resurslara çıxışı təmin edir. Sosial ədalətin tətbiqi cəmiyyətin davamlı inkişafına müsbət təsir edir. Hər bir məmur və ya millət vəkili anlamalıdır ki, bərabər imkanlar, davamlı inkişafın təməli olan fundamental sosial hüquqlar təmin edilmədən sosial ədalət mümkün deyil. Beynəlxalq hesabatlarda da sosial hüquqların reallaşdırılması yoxsulluğun aradan qaldırılması, inklüziv cəmiyyət yaratmağı hədəfləyən və bərabərsizliyin azaldılması kimi davamlı inkişaf məqsədlərinə çatmaqla sıx bağlıdır.

Hər yeni təyin olunan məmur xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqla, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz şəxsləri seçməklə həm də Prezidentin seçiminin düzgün olduğunu sübut etməlidir.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində bu gün bütün bölgələrdə müsbət dinamika müşahidə olunmaqdadır. İşğaldan azad olunmuş ərazilərimiz başda olmaqla bütün regionlarda müasir standartlara uyğun infrastruktur qurulub. Dövlət başçımız yerlərdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsini də yenidən gündəmə gətirdi. Bu kontekstdə bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Məqsəd bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyillərinin qarşısını almaqdır. Hazırda regionlarda bu məqsədlə müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Cənab Prezidentin yerlərdəki rəhbərlər qarşısındakı tələblərindən biri də iş yerlərinin yaradılması, iş adamlarına şərait yaradılması ilə bağlıdır. Yerli istehsalın inkişafı ilk növbədə məşğulluq məsələlərini təmin edir ki, bu da əhalinin rifahının yaxşılaşmasını təmin edən əsas faktorlardan biridir.

Hesab edirəm ki, hər bir məmur Cənab Prezidentin bu xəbərdarlıqlarından nəticə çıxaracaq.