YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa xidmət, şəffaflıq və məsuliyyətli idarəçilik

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

Prezident İlham Əliyevin ötən gün, noyabrın 12-də Naxçıvanda  yeni səlahiyyətli nümayəndəni və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul etməsi Azərbaycan dövlət idarəçiliyi tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Bu qəbul təkcə kadr dəyişikliyi deyildi, həm də dövlətin daxili siyasətində yeni mərhələnin – məsuliyyət, şəffaflıq və xalqa xidmət fəlsəfəsinin təcəssümü idi. Prezidentin çıxışı da adi inzibati təlimat deyil, sistemli bir konsepsiyanın ifadəsi kimi qəbul olunmalıdır: məmur anlayışının yenilənməsi, dövlət xidmətinin mahiyyətcə yenidən dərk edilməsi, əxlaqın idarəçiliyin ayrılmaz tərkib hissəsinə çevrilməsi və s. Bu konsepsiyanın əsasları nədir? Məsələn, Prezident vurğuladı ki, rəhbər vəzifələrdə çalışan hər bir məmur xalqın arasında olmalı, onun problemlərini anlamalı və fəaliyyətini xalqa xidmət kimi formalaşdırmalıdır. “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməli, xalqa xidmət etməlisiniz”, – dövlət başçısı bildirdi. Bu fikir Azərbaycan idarəçilik modelinin mahiyyətini açır: məmur artıq “idarə edən” yox, “xidmət göstərən” obrazıdır.

Çıxışda həmçinin məmur davranışına dair sərt, amma prinsipial xəbərdarlıqlar səsləndi. İlham Əliyev qeyd etdi ki, rəhbər təvazökar olmalı, özünü hamıdan üstün tutmamalıdır. Əks təqdirdə, həm nüfuzunu, həm də dövlətin nüfuzunu itirər. “Əyri yola gedən hər bir məmur nəticədə qanun qarşısında cavab verir”, – deyən Prezident həm hüquqi, həm mənəvi məsuliyyətin idarəçiliyin ayrılmaz tərkib hissəsi olduğunu vurğuladı. Bu yanaşma dövlət idarəçiliyində etik və hüquqi normaların vəhdətini göstərir və son illərin real təcrübəsi ilə tam təsdiqlənir.

Prezident həmçinin kadr siyasətində keyfiyyətə xüsusi diqqət çəkdi. O, etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrların seçilməsinin vacibliyini qeyd etdi və bildirdi ki, mərkəzi icra orqanlarında aparılan sağlamlaşdırma siyasəti nəticəsində artıq qanunsuz tapşırıqlar verilməyəcək. Bu, idarəetmədə şəffaflığın və hüququn üstünlüyünün açıq göstəricisidir. Naxçıvan çıxışı kadr islahatlarının yeni mərhələsini, mərkəzdən bölgələrə doğru ideoloji intizamın yayılmasını ortaya qoydu.

Prezident çıxışında ölkənin bütün bölgələrində son illər həyata keçirilən infrastruktur layihələrinin nəticələrindənh də bəhs etdi. Enerji, yol, su, sosial obyektlər sahəsində əldə edilən irəliləyişlər insanların gündəlik həyatına birbaşa təsir edir. Ölkə başçısı vurğuladı ki, sosial ədalət prinsipi yerlərdə dövlət siyasətinin əsas meyarıdır və insanlar hər bir kənddə bunu aydın görməlidir. Bu, dövlət və vətəndaş arasında sosial müqavilənin yeni forması kimi qəbul edilə bilər: dövlət yalnız infrastruktur təmin etməklə kifayətlənmir, həm də ədalət mühitini qoruyur.

Cənab Prezientin çıxışında məşğulluq və ekoloji balans məsələlərinə də geniş yer verildi. Yerlərdə iş yerlərinin yaradılması, sahibkarlığa dəstək və turizmin inkişafı prioritet olmalıdır. “Yerlərdəki rəhbərlər iş yerlərinin yaradılmasına çalışmalıdırlar. Çünki yerli istehsal həm məşğulluğu təmin edir, həm də iqtisadiyyatı gücləndirir”, – Prezident qeyd etdi.

Bu yanaşma regional iqtisadi siyasətin sosial yönünü göstərir və insanların rifahına birbaşa təsir edir. Eyni zamanda, ekoloji balansın qorunması və qanunsuz fəaliyyətlərin qarşısının alınması məsələsi də diqqət mərkəzindədir. Bakı və Sumqayıt şəhərlərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, çirklənmiş ərazilərin abadlaşdırılması bu məsələnin uğurlu təzahürüdür.

Prezident çıxışının sonunda yeni təyinat alan məmurlara xalqa xidmət, şəffaflıq və məsuliyyətli idarəçilik prinsiplərinə sadiq qalmağı tapşırdı: “Əminəm ki, siz öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.”

Bu sözlər həm tapşırıq, həm də dövlət idarəçiliyinin fəlsəfəsidir – müasir Azərbaycanda etimad artıq yalnız təyinatla deyil, əməl və xidmətlə qazanılır.