Xəbərlər
Konstitusiya Günü Samuxda da qeyd edilib
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş “Azərbaycanda 2025-ci ilin ‘Konstitusiya və Suverenlik İli’ elan edilməsinin tarixi əhəmiyyəti var” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan Konstitusiyasının tarixindən, onun dövlətimizin inkişafındakı rolundan və ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb. O, Azərbaycanın müstəqilliyinin bərpasından sonra aparılan siyasi-hüquqi islahatlardan, demokratik cəmiyyət quruculuğundan bəhs edib. O qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilən Konstitusiya müstəqil, hüquqi və demokratik dövlətin qurulmasında mühüm rol oynamışdır.
Gündüz Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar qanunun aliliyinə əsaslanaraq ölkəmizin inkişafına və xalqın rifahının yüksəldilməsinə xidmət edir. O, qanunlara hörmətin, dövlətə sədaqətin və Vətənə məhəbbətin hər bir azərbaycanlının həyat amalına çevrildiyini qeyd edib.
Daha sonra Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının müavini Kəmalə Xəlilova və Hüquq şöbəsinin məsləhətçisi Rafiq Sadıqov çıxış edərək qeyd ediblər ki, 1995-ci ildə referendum yolu ilə qəbul edilən bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyasıdır və ölkədə demokratik, hüquqi, dünyəvi, unitar dövlətin qurulmasına möhkəm hüquqi zəmin yaratmışdır.
Natiqlər bildiriblər ki, dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkədə yaranmış siyasi və sosial gərginlikdən çıxış yolu məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində mümkün olmuş, aparılan əsaslı islahatlar respublikanın inkişafına, hüquqi dövlət quruculuğuna və yeni milli Konstitusiyanın qəbuluna şərait yaratmışdır.
Dəyirmi masada İnstitut qəsəbə tam orta məktəbin müəllimi Dilarə Əsgərova, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Jalə Nəsibova və Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin müəllimi Nuranə Rüstəmova çıxış edərək Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması, milli suverenliyin və hüquqi dəyərlərin təbliği baxımından mühüm tarixi qərar olduğunu vurğulayıblar.
Natiqlər həmçinin qeyd ediblər ki, son illərdə ölkə başçısının rəhbərliyi ilə aparılan konstitusiya-hüquq islahatları nəticəsində Azərbaycan Respublikasının Əsas Qanunu daha da təkmilləşmiş, insan hüquq və azadlıqlarının səmərəli təmin olunması üçün geniş imkanlar yaradılmışdır.
