YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monakoda keçirilən beynəlxalq forumda azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən danışılıb

Monako Şahzadəsi II Albertin himayəsi altında noyabrın 23-dən 25-dək keçirilən IX Beynəlxalq Sülh və İdman Forumunda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Azərbaycandakı qaçqın və məcburi köçkünlərin çətin durumu, ölkənin bu icmalarla iş təcrübəsi diqqət mərkəzində olub.

Qeyd edək ki, tədbir bu il noyabrın əvvəlində TEAS və Monakoda yerləşən “Sülh və İdman” təşkilatı arasında “Sülhə doğru bir addım” xeyriyyə kampaniyasının dəstəklənməsi haqqında tərəfdaşlıq müqaviləsi imzalandıqdan sonra baş tutub.

TEAS-dan bildiriblər ki, builki forum Avropa qitəsini bürümüş qlobal qaçqın və miqrant böhranı kontekstində keçirilib. 2015-ci ildə dünyada 64 milyondan çox qaçqın, məcburi köçkün və sığınacaq axtaran insan qeydə alınıb. Hazırda İraqda və Suriyada gedən müharibələr nəticəsində Avropaya pənah gətirən son böyük miqrasiya dalğası təhlükəsizliyi riskə atmadan humanitar yardımın göstərilməsi məsələsini siyasi gündəmə gətirib.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter forum çərçivəsində keçirilən “Yeniliklər: idman bir inteqrasiya katalizatoru kimi” adlı sessiyada çıxış edib. Əsasən Beynəlxalq Olimpiya Komitəsi, Avropa Komissiyası, QHT nümayəndələrindən və idmançılardan ibarət bu sessiyada idmanın qaçqın, miqrant və məcburi köçkünlərin rifahına təsiri məsələsi nəzərdən keçirilib. Lionel Zetter Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə və nailiyyətləri diqqətə çatdırıb. O xatırladıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda yaşayan təqribən doqquz nəfərdən biri qaçqın və ya məcburi köçkündür. Bu, dünyada adambaşına düşən ən yüksək göstəricidir.

Lionel Zetter, həmçinin Azərbaycan hökumətinin 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra qaçqın və məcburi köçkünlər üçün gördüyü işlər barədə məlumat verib. O, qaçqın və məcburi köçkün gənclər üçün nəzərdə tutulan idman layihələrinin həyata keçirilməsində TEAS-ın rolu haqqında da danışıb.

Forum zamanı iştirakçılara “Sülhə doğru bir addım” xeyriyyə kampaniyasının bir hissəsi olaraq pedometr (addımları sayan cihaz) taxmaq təklif edilib. Üç günün sonunda addımların ümumi sayı hesablanaraq TEAS tərəfindən “Sülh və İdman” təşkilatının yerlərdə həyata keçirilən proqramlarına 20 min avro məbləğində ianə ayrılıb.

Avropa Azərbaycan Cəmiyyətinin “Sülh və İdman” təşkilatı ilə tərəfdaşlığı haqqında danışan Lionel Zetter deyib: “TEAS üçün “Sülh və İdman” təşkilatı ilə əməkdaşlıq etmək böyük şərəfdir. Biz idmanın imkanlarından istifadə etməklə insan həyatını yaxşılaşdırmaq və sülhü təbliğ etmək üçün eyni dəyərləri bölüşürük. Bu, xüsusilə Azərbaycan üçün vacibdir. Ona görə ki, bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Ələlxüsus, biz məmnuniyyətlə “Sülhə doğru bir addım” təşəbbüsünün maliyyələşdirilməsinə qərar vermişik. Bu, ona görədir ki, biz sülhün mərhələli proses olduğunu anlayırıq və ona yalnız bir dəfəyə bir addım atmaqla nail olmaq mümkündür”.

Doqquzuncu Beynəlxalq Sülh və İdman Forumu idman və sülh dünyasının 500-ə yaxın nümayəndəsini (hökumətlər, QHT-lər, sponsorlar, xeyriyyə assosiasiyaları və idmançılar) bir araya gətirərək əsas diqqəti “Sülh üçün oyun: idman vasitəsilə qlobal dəyişikliyin səfərbər edilməsi” mövzusuna yetirib.

Çıxışçılar arasında üç tunisli Nobel mükafatçısı - Abdessətar Ben Moussa, Məhəmməd Fadhel Mahfoudh və Ouided Bouçamaoui, beşqat Olimpiya çempionu və Olimpiya Oyunlarının gümüş medalçısı Şarmen Kruks (Kanada), Beynəlxalq Olimpiya Komitəsinin üzvü, ikiqat Olimpiya çempionu və Macarıstanın sabiq Prezidenti Pol Şmitt və üçqat Olimpiya çempionu Aya Medani (Misir) olublar.