Xəbərlər
Regional sülh və təhlükəsizlik təmin olunub
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Mayın 4-də Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən dövlət başçısı İlham Əliyev Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəklədiyini bildirdi. Bu məqamı da xüsusi qeyd etdi ki, bir il öncə Tiranaya səfəri zamanı Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasını dəstəkləmiş, öz növbəsində tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsini təklif etmişdir. Təklif qəbul olunmuşdur.
Bu kimi addımlar iki ölkə arasında münasibətlərin normallaşmasını təsdiqləyən mühüm göstəricilərdəndir. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında tarixi sülh razılaşmasından da danışdı. Qeyd etdi ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Donald Tramp şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib. Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirməklə yanaşı, bu məqamı da vurğuladı ki, lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA).
Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi.
“Yekun olaraq mən Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm” söyləyən cənab İlham Əliyev bildirdi ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.
Ermənistanın baş naziri Nikol Paşinyan tədbirdəki çıxışında Azərbaycanla sülhə nail olunduğunu, artıq iki ildir heç bir tərəfdə tələfat olmadığını və bu dövrü müstəqilliyimizdən bəri yaşadığımız misilsiz illər olduğunu bildirdi. İndi iki ölkə arasında sülhü gücləndirmək və institusionallaşdırmaq məqsədilə tərəflər sıx şəkildə çalışırlar. Ermənistanın Baş naziri ilk dəfədir ki, Azərbaycan Prezidentinin onlayn formatda olsa da belə Ermənistanda keçirilən tədbirdə iştirak etdiyini xüsusi vurğuladı və ümidvar olduğunu bildirdi ki, 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin 10-cu toplantısında iştirak etmək üçün Azərbaycana səfər imkanı olacaq. Nikol Paşinyan Ermənistanın və Azərbaycanın “Avropa Siyasi Birliyi”nin toplantısını qəbul etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiklərini də vurğuladı. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta isə tədbir iştirakçılarına və videokonfrans vasitəsilə toplantıya qoşulan Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi və bildirdi ki, bu toplantı tarixi səciyyə daşıyır, çünki onun keçirilməsi Ermənistan və Azərbaycan arasında razılaşma sayəsində mümkün olub. Bu razılaşma Avropada bir sülh hekayəsidir, eskalasiyanın və müharibənin hökmranlıq etdiyi bir dünyada alqışlanmalıdır.
Regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin edən sülh gündəliyinin müəllifi olan Azərbaycana beynəlxalq dəstək yüksək səviyyədədir. Daim sülhə, əməkdaşlığa, həmrəyliyə çağırışlar edən ölkəmizin dövlətlər, xalqlar arasında körpü rolu da təqdir edilir. Sülh prosesinin uğurları davamlılığı ilə diqqətdədir.
