YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda Ümummilli Liderin 103 illiyi silsilə tədbirlərlə qeyd olunur

Tovuz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində bir sıra idman və intellektual yarışlar təşkil olunub.

Bu çərçivədə ilk olaraq şahmat üzrə tempo turniri keçirilib. Turnir Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektorunun və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında baş tutub.

Açılış mərasimində YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Təhsil Sektorunun müdiri Aysel Quliyeva və məktəbin direktoru Məleykə Əmirzadə iştirak edib. Əvvəlcə Ümummilli Liderin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər müasir Azərbaycanın qurulmasında Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, ölkənin inkişafının onun müəyyənləşdirdiyi siyasi kursun nəticəsi olduğunu qeyd ediblər. Bildirilib ki, bu siyasət idmanın, o cümlədən şahmatın inkişafına geniş imkanlar yaradıb. Turnirdə II qrup üzrə ümumilikdə 72 iştirakçı mübarizə aparıb, qaliblər kubok, medal və diplomlarla təltif olunub.

Tədbirlər silsiləsi çərçivəsində daha sonra müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Yarış Tovuz Rayon İcra Hakimiyyəti, YAP Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Təhsil və Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə Nizami adına Mədəniyyət Evində baş tutub.

Tədbir öncəsi iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Açılış mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yarışda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Çıxışlarda Heydər Əliyevin dövlətçilik irsi, təhsil və gənclər siyasətinə verdiyi töhfələr xüsusi qeyd edilib, bu kimi intellektual yarışların əhəmiyyəti vurğulanıb. Yarış zamanı “LA” rəsm kursunun şagirdləri tərəfindən Ümummilli Liderin portretləri təqdim olunub.

Yarışda ümumilikdə 21 komanda üzrə 105 müəllim iştirak edib. Seçmə mərhələlərdən sonra 4 komanda finala vəsiqə qazanıb, final mərhələsi “Xəmsə” televiziya oyununun formatına uyğun keçirilib.

Nəticələrə əsasən, I yerə “Alpaqut” komandası (Aşağı Quşçu kənd məktəbi), II yerə “Flaqman” komandası (Yuxarı Öysüzlü kənd məktəbi), III yerə isə Aşağı Mülkülü kənd məktəbinin komandası layiq görülüb.

Qaliblər diplom və kuboklarla təltif olunub.