YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda yeni geosiyasi reallıqlar

“Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək regionda sülh prosesi, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması və Avropa təsisatları ilə əməkdaşlıq məsələlərinə dair geniş və məzmunlu fikirlər səsləndirib. Dövlətimizin başçısı çıxışında həmçinin ilk növbədə Zirvə görüşlərinin gələcək təşkili ilə bağlı mühüm məqamlara toxunub. Bildirilib ki, Ermənistan tərəfi 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının Azərbaycanda keçirilməsini dəstəkləyib.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ölkəmizin başçısı həmçinin bir il əvvəl Tirana şəhərinə səfər zamanı Antonio Costa və Ursula von der Leyen tərəfindən 2026-cı il Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsünə Azərbaycan tərəfindən dəstək verildiyini də diqqətə çatdırıb: “Tarazlı yanaşmanın təmin olunması məqsədilə Azərbaycan tərəfi növbəti Zirvə görüşlərindən birinin öz ərazisində keçirilməsi təklifi ilə çıxış etmiş və bu təşəbbüs qəbul edilib. Prezident İlham Əliyev bu fürsətdən istifadə edərək təşkilata üzv dövlətləri 2028-ci ilin may ayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edib. Ermənistanın bu təşəbbüsü dəstəkləməsi isə iki ölkə arasında sülhün real xarakter aldığının göstəricisi kimi qiymətləndirilir.

Dövlət başçısı çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin artıq praktiki nəticələr verdiyini xüsusi vurğulayıb. Qeyd edilib ki, tərəflər təxminən doqquz aydır sülh şəraitində yaşayır və bu yeni mərhələyə uyğunlaşma prosesi davam edir. 2025-ci ilin avqust ayında Vaşinqton şəhərində, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamə imzalanıb, sənədə Abş Prezidenti Donald Trump şahid qismində imza atıb. Həmçinin hər iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətni paraflanıb”.

Deputat vurğulayıb ki, ölkə başçısının da qeyd edtdiyi kimi sülhün əldə olunmasının konkret nəticəsi kimi Azərbaycan tərəfindən mühüm addımlar atılıb: “1990-cı illərin əvvəllərindən etibarən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırılıb. Bunun nəticəsində Azərbaycan ərazisi vasitəsilə Ermənistana artıq 28 min ton yük daşınıb. Bundan əlavə, Azərbaycan ilk dəfə olaraq Ermənistana neft məhsullarının – benzin və dizelin ixracına başlamış, indiyədək bu həcm 12 min tona çatıb. Bu faktlar iqtisadi əlaqələrin bərpasının və qarşılıqlı etimadın formalaşmasının mühüm göstəricisi kimi təqdim edilib.

Bu kontekstdə regional əməkdaşlıq və nəqliyyat bağlantıları məsələsi də xüsusi yer tutur. Dövlətimizin başçısı bu da xüsusda “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsi Azərbaycanın əsas ərazisini onun eksklavı olan Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhliz layihəsinin tərkib hissəsinə çevriləcəkdir. Bu təşəbbüsün həm Azərbaycan, həm də Ermənistan üçün sülhün praktik dividendlərini təmin edəcəyi vurğulanıb.

Bununla yanaşı, Avropa təsisatlarının Ermənistan–Azərbaycan sülh prosesinə münasibətinə olan yanaşması da Prezident İlham Əliyevin nitqində xüsusi yer tutub. Avropa Komissiyası tərəfindən nümayiş etdirilən konstruktiv mövqe yüksək qiymətləndirilsə də, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası tərəfindən sərgilənən yanaşma tənqid olunub. Bildirilib ki, bu qurumlar ikili standartlar tətbiq edir və sülh prosesinə dəstək vermək əvəzinə, qeyri-konstruktiv mövqe nümayiş etdirirlər.

Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq tarixindən bəhs edən dövlət başçısı qeyd etmişdir ki, ölkə 2001-ci ildən bu təşkilatın üzvüdür və uzun illər ərzində nümayəndə heyətinə heç bir məhdudiyyət tətbiq edilməmişdir. Lakin 2023-cü ilin sentyabrında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən və separatçılığa son qoymasından sonra, 2024-cü ilin yanvarında AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq olunub. Bu addım Prezident tərəfindən ədalətsiz və ikili standartların təzahürü kimi qiymətləndirilib”.

Sevinc Hüseynova vurğulayıb ki, ölkə başçısı tərəfindən Avropa Parlamentinin fəaliyyəti də ciddi tənqid olunub: “Vurğulanıb ki, bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, onu zəiflətməyə yönəlmiş addımlar atır. 2021-ci ilin may ayından 2026-cı ilin aprelinədək Azərbaycanla bağlı 14 qətnamənin qəbul edilməsi buna misal kimi göstərilib. Dövlət başçısı bu qətnamələrin qərəzli xarakter daşıdığını və Azərbaycanın beynəlxalq hüquqa uyğun addımlarına qarşı yönəldiyini bildirib.

Bunun cavabı olaraq Azərbaycan Milli Məclisinin 2026-cı il mayın 1-də Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakın sonlandırılması və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılması ilə bağlı prosedurlara başlanması barədə qərar qəbul etdiyi diqqətə çatdırılıb. Sözsüz ki, bu addımlar beynəlxalq tərəfdaşların düzgün məlumatlandırılması və mümkün manipulyasiyaların qarşısının alınması məqsədi daşıyır.

Bütövlükdə, Prezident İlham Əliyevin çıxışı regionda yeni geosiyasi reallıqları, Azərbaycan–Ermənistan münasibətlərində yaranmış sülh mühitini və beynəlxalq platformalarda Azərbaycanın prinsipial mövqeyini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilir”.