Xəbərlər
“Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi”
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib.
Tədbirdə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Xətai rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanları Anar Mirzəyev, Zaur Hüseynov, Ağsaqqalar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid ailələrinin üzvləri, qazilər, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli lider Heydər Əliyevə həsr olunmuş filmə nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixi rolundan geniş bəhs edib. O bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz parçalanma və tənəzzül təhlükəsindən xilas olaraq sabit inkişaf yoluna qədəm qoyub. Vurğulayıb ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir və bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, həmçinin Heydər Əliyev məktəbinin dövlətçilik, milli birlik və vətənpərvərlik dəyərlərinin cəmiyyətimiz üçün əbədi yol xəritəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev öz nitqində Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolunu qeyd edərək bildirib ki, məhz Onun qətiyyəti və siyasi iradəsi nəticəsində ölkəmiz müstəqilliyini möhkəmləndirmiş, beynəlxalq aləmdə layiqli mövqe qazanmışdır.
YAP İdarə Heyətinin üzvü Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında Ümummilli Liderin milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi siyasətin strateji əhəmiyyətindən geniş bəhs edib. O vurğulayıb ki, Heydər Əliyev Azərbaycançılıq ideologiyasını dövlət siyasətinin əsas xəttinə çevirərək xalqın milli kimliyinin möhkəmlənməsinə nail olmuşdur. Qeyd edib ki, dilimizin saflığının qorunması, dini-mənəvi dəyərlərin yaşadılması və milli irsin gələcək nəsillərə ötürülməsi istiqamətində atılan addımlar bu gün də aktuallığını qoruyur və cəmiyyətin inkişafında mühüm rol oynayır.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyasının Azərbaycanın bugünkü gücünün əsasını təşkil etdiyini bildirib. O qeyd edib ki, Ümummilli Lider tərəfindən əsası qoyulan neft strategiyası, beynəlxalq layihələr və regional əməkdaşlıq təşəbbüsləri ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirmişdir. Vurğulayıb ki, bu gün Azərbaycan regionun lider dövlətlərindən biri kimi çıxış edir və bu uğurların təməlində məhz Heydər Əliyevin uzaqgörən siyasəti dayanır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin elmi və siyasi aspektlərini geniş şəkildə təhlil edib. Qeyd edib ki, Heydər Əliyev modeli yalnız bir idarəçilik forması deyil, eyni zamanda milli təhlükəsizlik konsepsiyasıdır. Vurğulayıb ki, güclü dövlətçilik ənənələrinin formalaşdırılması, siyasi sabitliyin təmin edilməsi və milli maraqların qorunması bu modelin əsas prinsipləridir. Onun sözlərinə görə, bu yanaşma Azərbaycanın müasir dövrdə qarşılaşdığı çağırışlara uğurla cavab verməsinə imkan yaradır.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxışında sosial siyasətin humanist mahiyyətinə toxunaraq qeyd edib ki, Heydər Əliyev hər zaman insan amilini dövlət siyasətinin mərkəzində saxlamışdır. O, xüsusilə qadınların hüquqlarının müdafiəsi, onların ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində görülən işləri diqqətə çatdırmışdır. Əlavə edib ki, bu gün Azərbaycanda qadınların müxtəlif sahələrdə uğurla təmsil olunması məhz bu siyasətin nəticəsidir.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov çıxışında partiyanın yaranma tarixi və keçdiyi inkişaf yolundan geniş bəhs edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin və möhkəm dövlətçilik fəlsəfəsinin məntiqi nəticəsi olaraq formalaşmışdır. Vurğulayıb ki, bu siyasi təşkilat yarandığı gündən etibarən ölkədə sabitliyin təmin olunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə və milli həmrəyliyin gücləndirilməsinə xidmət etmişdir. Qeyd edib ki, Heydər Əliyevin yaratdığı siyasi məktəb bu gün yalnız bir partiya çərçivəsində deyil, ümumilikdə Azərbaycan cəmiyyətinin siyasi mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Bu məktəb dövlətə sədaqət, milli maraqlara bağlılıq, xalqla birbaşa ünsiyyət və məsuliyyətli idarəçilik prinsipləri üzərində qurulub.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında qeyd edib ki, Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda yetişməsi, dövlətə və torpağa bağlılıq hissinin gücləndirilməsi Ümummilli Lider Heydər Əliyevin ideyalarının ən mühüm istiqamətlərindən biridir. O bildirib ki, bu ideyalar əsasında formalaşan gənc nəsil Vətən müharibəsində öz sözünü demiş, yüksək qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib. Zaur Hüseynov vurğulayıb ki, bu gün Azərbaycan gəncliyi milli ruhda, dövlətə sədaqət prinsipləri əsasında tərbiyə olunur və bu da ölkənin gələcək inkişafının əsas təminatıdır.
Xətai Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov çıxışında Ulu Öndər Heydər Əliyevin vətənə sədaqət və xalqına bağlılıq nümunəsi olduğunu vurğulamış, bu dəyərlərin gənc nəslə aşılanmasının vacibliyini diqqətə çatdırıb. Əlavə edib ki, bu gün Yeni Azərbaycan Partiyası minlərlə üzvü birləşdirən geniş ictimai-siyasi qüvvəyə çevrilib və ölkənin bütün regionlarında fəal şəkildə fəaliyyət göstərir. Partiyanın sıralarında gənclərin, ziyalıların, qadınların və müxtəlif peşə sahiblərinin təmsil olunması onun ictimai dayaqlarının nə qədər güclü olduğunu göstərir.
Tədbir çərçivəsində YAP üzvü olan bir qrup partiya fəalı Fəxri fərmanla təltif olunmuş, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim edilmişdir.
Bədii hissədə vətənpərvərlik ruhunu əks etdirən kompozisiyalar təqdim olunub.
Tədbirə Yeni Azərbaycan Partiyasının himni səsləndirilməsi ilə yekun vurulub.
