YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İtaliya münasibətləri: siyasi-iqtisadi inteqrasiyanın vəhdəti

Anar Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri zamanı verdiyi bəyanatlar iki dövlət arasındakı münasibətlərin sarsılmazlığını və gələcək perspektivlərini bir daha nümayiş etdirdi.

Azərbaycanın xarici siyasətində Avropa istiqaməti hər zaman mühüm yer tutub, lakin İtaliya ilə münasibətlər öz dərinliyi və strateji xarakteri ilə xüsusilə seçilir. Mayın 4-də Bakıda baş tutan yüksək səviyyəli görüş həm siyasi, həm də mənəvi baxımdan olduqca əhəmiyyətli mesajlarla yadda qaldı. Dövlət başçımızın qeyd etdiyi kimi, 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri bu gün sadəcə kağız üzərində deyil, real həyatda öz əksini tapmaqdadır.

Baş nazir Ciorcia Meloninin Ermənistan səfərini bitirən kimi birbaşa Azərbaycana gəlməsi Azərbaycanın regionda artan nüfuzuna və İtaliya hökumətinin ölkəmizə bəslədiyi dərin hörmətin bariz təzahürüdür. Bu addım həm də Bakı ilə Roma arasındakı qarşılıqlı etimadın ən yüksək səviyyədə olduğunun rəmzi göstəricisidir. İtaliya Baş nazirinin bu səfəri sadəcə diplomatik protokol qaydaları çərçivəsində deyil, regionda və Avropada yaranan yeni geosiyasi balanslara təsir edən strateji hadisə kimi qiymətləndirilməlidir. Cənubi Qafqazın geosiyasi mənzərəsinin yenidən formalaşdığı bir dövrdə, Avropanın aparıcı dövlətlərindən birinin rəhbərinin birbaşa Bakıya gəlməsi Azərbaycanın regiondakı həlledici rolunun Qərb tərəfindən qəbul edilməsidir.

Bu gün İtaliya Avropada Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ötən il ticarət dövriyyəmiz 12 milyard dollara çatmışdır. Azərbaycan bu gün İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdədir. Lakin biz bu göstəricilərlə kifayətlənmirik. TAP layihəsinin genişləndirilməsi və mavi yanacağın həcminin artırılması istiqamətində aparılan müzakirələr Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da möhkəmləndirəcəkdir.

Görüşün ən diqqətçəkən məqamlarından biri hərbi-texniki sahədə əməkdaşlıq planları oldu. İtaliyanın qabaqcıl texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşməsi, birgə istehsal sahələrinin yaradılması ölkəmizin müdafiə qüdrətini artırmaqla yanaşı, iqtisadi əlaqələrimizə yeni keyfiyyət qazandıracaq. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına qoyduğu 3 milyard dollarlıq investisiya isə qarşılıqlı faydalı əməkdaşlığın miqyasını göstərir.

Bizim üçün xüsusilə qürurvericidir ki, İtaliya şirkətləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ən aktiv fəaliyyət göstərən xarici tərəfdaşlar sırasındadır. 23 layihənin icrası İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə və bu torpaqların dirçəlişinə verdiyi real dəstəkdir. Bu şirkətlər təkcə qurub-yaratmır, həm də bölgəyə ən müasir standartları gətirirlər.

İqtisadi və siyasi əlaqələri taclandıran isə təhsil sahəsindəki uğurumuz – İtaliya-Azərbaycan Universitetidir. Hazırda orada təhsil alan 500-dən çox gənc gələcəkdə ölkələrimiz arasında canlı körpü rolunu oynayacaqlar. Bu tələbələr həm peşəkar kadr, həm də iki xalqın dostluq elçiləri kimi münasibətlərimizi daha onilliklər boyu irəli aparacaqlar.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu xarici siyasət xətti Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, bizi Avropanın etibarlı və əvəzolunmaz tərəfdaşına çevirir. Ciorcia Meloninin səfəri və əldə olunan razılaşmalar bir daha təsdiqlədi ki, Azərbaycan-İtaliya dostluğu sarsılmazdır və yeni zirvələrə doğru inamla irəliləyir.